Xaricdə vergilər nəyə xərclənir?

Avropa İttifaqı ölkələrində vergilər əhalinin gəlirinin təqribən 20-30 faizini təşkil edir.


AzNews.az Vergilər.az saytına istinadən bildirir ki, Almaniya iqtisadiyyatı Avropada daha sosialyönümlü hesab olunur. Ölkədə yığılan vergilərin böyük bir hissəsi sosial siyasətə - təhsilə və səhiyyəyə xərclənir. Vergilərin yalnız 20 faizi ekologiyanın, energetikanın və infrastrukturun inkişafına sərf olunur, müdafiə məqsədlərinə isə cəmi 5 faizi yönəldilir.

Danimarkada vəziyyət təxminən Almaniyadakı kimidir. Bu ölkədə vergilər əhalinin gəlirlərinin 39 faizini təşkil edir. Büdcənin 3/2-si sosial proqramlara, 15 faizi iqtisadiyyatın və ekologiyanın dəstəklənməsinə, 5 faizdən azı isə müdafiə kompleksinə yönəldilir.

Avropa İttifaqının digər ölkələrində də vergilərin yığılması və xərclənməsi Almaniya və Danimarkadan ciddi şəkildə fərqlənmir. Böyük Britaniyada, Niderlandda, İsveçdə, Yunanıstanda və İtaliyada sosial layihələrə xərclər vergilərin 3/2-sini təşkil edir. Lakin infrastrukturun inkişafı layihələrinə Niderlandda və İsveçdə büdcənin təxminən 25 faizi xərclənir.

Yaponiya iqtisadiyyatında vergilərin xərclənməsi Avropa İttifaqı ölkələrinə yaxındır. Burada əhalinin gəlirlərinin 21 faizi vergi kimi tutulur. Yığılan vergilərin 3/2-si sosial proqramlara, 25 faizi iqtisadiyyatın və ekologiyanın dəstəklənməsinə, 3 faizi isə müdafiə xərclərinə yönəldilir.

Amerika Birləşmiş Ştatları və İsraildə əhalinin gəlirlərinin 15-20 faizi vergi kimi tutulur. Lakin bu ölkələr müdafiə kompleksinə daha çox pul xərcləyirlər: əhalidən tutulan vergilərin təxminən 25 faizi hərbi məqsədlərə yönəldilir. Hər iki ölkədə sosial proqramlar prioritet təşkil edir. ABŞ-ın vergi büdcəsinin 50 faizini, İsrailin isə 45 faizini təhsil və səhiyyə aparır.

Britaniya hökuməti vergilərdən hüquq-mühafizə işinin təşkili üçün daha effektiv istifadə edir. Burada büdcənin 2,7 faizi polis xidmətinə yönəldilir və təsadüfi deyil ki, Böyük Britaniyada son 10 ildə cinayətkarlığın səviyyəsi 30 faizdən çox azalıb.

Danimarkada isə gənc ailələr üçün sosial layihələr daha uğurlu sayılır: vergilərin 8,6 faizi bu sahəyə yönəldilir. Təhsilin səviyyəsi İsraildə daha yüksəkdir. Burada hökumət vergilərdən təşkil olunan büdcənin 16,7 faizini ali təhsil müəssisələrinin saxlanılmasına yönəldir. Buna görə də hazırda İsrail vətəndaşlarının 50 faizdən çoxu ali təhsillidir.