Natiq Əliyev: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”

"Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır". AzNews.az-in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin 18-ci iclasında çıxışı zamanı bildirib.

Nazir deyib ki, ümummilli lider Heydər Əliyevin düşünülmüş neft strategiyası sayəsində Azərbaycan dünyanın lider ölkələrindən birinə çevirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda neft sahəsində dünyanın onlarla iri neft şirkətləri fəaliyyət göstərir: "Hazırda Azərbaycanın 3 neft və 4 qaz kəməri mövcuddur. Hesab edirik ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib əhəmiyyət daşıyır. Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Supsa neft kəmərləri Azərbaycanın Qərblə siyasi əlaqələrini təmin edən körpü rolunu oynayır. Azərbaycan neft-qaz nəqli üçün tranzit ölkəyə də çevrilir. Artıq Qazaxıstan nümayəndələri bu ölkənin ən böyük neft yataqlarından biri olan "Kaşaqan" yatağının ikinci fazası çərçivəsində çıxarılacaq neftin Bakı-Tiflis-Ceyhan kəməri ilə nəqlində maraq göstərirlər. İlkin olaraq bu kəmərlə sutkada 500 min barel Qazaxıstan neftinin nəqli gözlənilir ki, bu da ildə 23,5 mln. ton neft deməkdir. Gələcəkdə bu rəqəmin 35-56 mln. tona çatdırılması gözlənilir".

Trans-Anadolu (TANAP) qaz kəməri layihəsindən də danışan nazir N.Əliyev bildirib ki, həmin kəmərin tikintisinə 2015-ci ildən başlanacaq: "Bu layihə tam reallaşdıqdan sonra Qazaxıstan və Türkmənistan da bu kəmər vasitəsi ilə qaz ixrac etmək imkanlarına malik olacaqlar".

Vasif Həsənli
AzNews.az