«BP-Azerbaijan»: «Şahdəniz-2»ni kağız üzərindən polad üzərinə keçirmək vaxtıdır»



"Şahdəniz-2" layihəsi çərçivəsində ilk qaz 2018-ci ildə hasil ediləcək. "APA-Economics"in məlumatına görə, bu barədə jurnalistlərə "BP-Azerbaijan"ın "Şahdəniz" yatağının işlənməsi layihəsi üzrə vitse-prezidenti Alasder Kuk bildirib.

Onun sözlərinə görə, 2013-cü il "Şahdəniz" və Cənub Dəhlizi layihələri üçün çox mühüm il olacaq: "ARDNŞ və "Şahdəniz" layihəsindəki digər tərəfdaşlarla birlikdə 2013-cü ildə layihə üzrə yekun investisiya qərarını verməyi planlaşdırırıq. Bu isə o deməkdir ki, həm quyular üzrə dənizdəki işlər, həm Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) layihəsi, həm Türkiyədə TANAP sistemi, həm də Avropa boru kəməri sistemi ilə bağlı işlər bu məqsədlə hazırlanmalıdır".

A.Kuk bildirib ki, "Şahdəniz-2" layihəsi ilə bağlı investisiyaların yatırılmasına artıq bu ildən başlanacaq: "İndiyədək layihə ilə bağlı sazişlərin imzalanması imkan verir ki, 2013-2014-cü illərdə pul xərcləyərək "Şahdəniz-2"ni 2018-ci ildə ilk hasilatın əldə olunmasına hazır edək". Qarşıdakı 18 ay ərzində, yəni 2013-cü il və 2014-ün birinci yarısı ərzində "Şahdəniz" Mərhələ-2 layihəsi üçün 10 mlrd. dollarlıq sifarişlərin verilməsi, podratçı müqavilələrin bağlanması planlaşdırılır: "Bütün bunlar əldə olunmaqla, biz 2018-ci ildə ilk qazın hasilatını planlaşdırırıq. Bizim üçün çox mühüm bir vaxtdır - "Şahdəniz-2"ni kağız üzərindən polad üzərinə keçirmək vaxtıdır".