İndi də banklar dollar almaqdan imtina edir

Azərbaycanda hazırda banklar dollar almaqdan imtina edirdilər.

Manatın son iki ayda sabit qalmasının səbəbləri isə həm iqtisadçıları, həm də vətəndaşları, iş adamlarını düşündürür. Ehtimal edilir ki, digər səbəblərlə yanaşı, neftin dünya bazarında qiymətinin 55 dollar ətrafında sabitləşməsi, OPEK ölkələrinin hasilatın azaldılması ilə bağlı qərarı və yaxın gələcəkdə də neft qiymətlərinin bu civarda qalacağı proqnozu manatın məzənnəsində də sabitliyin yaranmasını şərtləndirib.

Digər bir məqam isə odur ki, manatın bundan sonra da möhkəmlənəcəyini nəzərə alan banklar hazırda dollar almaqdan imtina edirdilər. Əgər bir neçə ay öncə banklardan dollar almaq mümkün deyildisə, indi dolları manata dəyişməkdə çətinlik yaşanır. Bəs bu durumun səbəbi nədir?

“Yeni Müsavat”a açıqlamasında milli valyutamızın məzənnəsi ilə bağlı gedən müzakirələrə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov qeyd etdi ki, bunun səbəbi bazarda manat qıtlığının olmasıdır: “Manatın məzənnəsinin müəyyən qədər qorunub saxlanılması üçün Mərkəzi Bank tərəfindən yürüdülən bir siyasətdir. Ancaq mən dəfələrlə demişəm ki, bu metod uzunmüddətli effekt verə bilməz. Ola bilər ki, iki-üç ay müddətinə effekt versin, ancaq sonradan vəziyyət dəyişəcək. Azərbaycan əgər real sektoru inkişaf etdirmək istəyirsə, kənd təsərrüfatının inkişafını, neftdən asılılığı azaltmaq istəyirsə, iqtisadiyyata vəsait buraxmalıdır, bu sahələrə investisiya yatırılmalıdır. Hazırda müəyyən qədər qıtlıq yaradılıb, banklar tərəfindən kreditlərin verilməsi dayandırılıb. Bunun nəticəsində manat dollara nisbətən bahalaşıb. Ancaq gec-tez manat gəlib bazar qiymətini alacaq. Çünki manatın dəyəri həm neftin qiymətindən, həm də idxal-ixrac əməliyyatlarının strukturundan, bazardakı tələb-təklifdən asılıdır. Mən hesab edirəm ki, hazırda qəbul olunan bu qərarlar müvəqqəti dövr üçün əhəmiyyət kəsb edir. İnsanlarda müəyyən qədər inam yaranır ki, manat stabil olaraq möhkəmlənir. Amma gələcək üçün bu perspektiv ola bilməz. Neftin qiymətinin hazırkı həddi manatın məzənnəsinin sabitləşməsi üçün yetərli deyil. Neftin qiyməti 70-80 dollar səviyyəsinə çatsa, ancaq o zaman manatın möhkəmlənməsinə səbəb olacaq. Hazırkı 1-3 dollarlıq cüzi artım əsaslı təsir edə bilməz. Hazırda manatın məzənnəsinə təsir edən əsas amil odur ki, pul kütləsinə nəzarət gücləndirilib”.

Dövlət büdcəsində neftin qiymətinə yenidən baxılmasına gəlincə, Vahid Əhmədov bildirdi ki, hazırda 40 dollardan artıq qalan bütün vəsaitlər Neft Fonduna yatırılır: “Bildiyiniz kimi, Neft Fondu cənab prezidentin nəzarəti altındadır. Büdcədə hansısa sahəyə əlavə vəsait lazım olsa, ola bilər ki, may ayında büdcədə yenidən neftin qiymətinə baxılsın. Amma ümumilikdə bu vəsait DNF-ə yığıldığı üçün buna elə də ehtiyac qalmır”.

İqtisadçı ekspert Rəşad Həsənov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu baş verənlər təbii bir prosesdir: “Banklar bazarın konyukturuna uyğun mövqe ortaya qoyurlar. Bu baxımdan, yaxın günlərdə keçirilən hərraclarda da məlum oldu ki, dollara olan tələb kifayət qədər aşağı düşüb. Bu kimi hallar baş verəndə valyuta bazarlarında psixoloji effekt yaradır, növbəti günlərdə və həftələrdə valyutanın məzənnəsi ucuzlaşmağa başlayır. Bu mənada manata tələb artmağa başlayacaq və nəticədə məzənnənin bir qədər yüksəlməsi baş verəcək. Bu, valyuta bazarlarının xarakterik xüsusiyyətlərindən biridir. Biz üzən valyuta rejiminə keçmişik. Üzən məzənnə dövründə bazarda bu cür spekulyativ davranışların olmasını normal qəbul etməliyik. Banklar biznes subyektləridir və istənilən halda valyuta alışı və satışı ilə davranışlarında gəlir əldə etmək məqsədi daşıyırlar. Düşünürəm ki, bu kimi situasiyaların qarşısını müəyyən qədər almaq məqsədilə əslində valyutadəyişmə məntəqələrinin yenidən açılmasına, onların lisenziyalarının qaytarılmasına ehtiyac var. Belə hallarda bir neçə bank təmərküzləşmiş siyasət həyata keçirərək, məzənnə itkilərini vətəndaşlar və biznes subyektləri üçün daha da artıracaq davranışlar ortaya qoya bilməsinlər. Eyni zamanda valyuta alışı bazarında da rəqabət mühiti olsun”.

Manatın məzənnəsinin sabit qalmasında neftin qiymətinin roluna gəlincə, Rəşad Həsənov bildirdi ki, bu amil birbaşa deyil, dolayı təsir edir: “Söhbət 2 aylıq dövrdə yaranmış sabitlikdən gedir. Valyuta bazarlarında orta və uzunmüddətli dövrdə proqnozların verilməsi üçün 2 ay kifayət deyil. Hazırda ən müxtəlif fundamental və müvəqqəti faktorların birlikdə yaratdığı situasiyada manatın müəyyən qədər möhkəmlənməsi və sabitlik müşahidə oluna bilər. Ancaq mən bunun uzunmüddətli olacağını düşünmürəm".

R.Həsənovun fikrincə, əsas amillər odur ki, ölkənin valyuta bazarları kifayət qədər dardır, istehlak kifayət qədər durğundur: “Digər tərəfdən, bazarın əsas iştirakçılarından biri olan Beynəlxalq Bank üçün əlavə vəsaitlərin Dövlət Neft Fondundan transfer edilməsi və bu yolla Beynəlxalq Bank öhdəliklərinin müəyyən ödənilməsi, ən böyük oyunçunun kənarda qalması nəticəsində valyuta bazarına tələb formalaşdıran əsas faktor neytrallaşıb. Bu baxımdan, hazırkı situasiya müşahidə olunur”.

Neftin qiyməti ilə bağlı dövlət büdcəsində dəyişiklik edilib-edilməyəcəyinə gəlincə, R.Həsənov büdcədə sosialyönümlü xərclərin artırılması baxımından dəyişiklik ola bilər: “Dünya bazarında neftin qiymətinin 50-55 dollar civarında olması, hökumətin büdcənin əvvəlki illərdə genişləndirilən hissələrinə, investisiya xərcləri və digər sahələrə yenidən baxması üçün yetərli deyil. Ancaq istehlak malları bazarında qiymət indeksləri onu göstərir ki, baş verənlər əhalinin gəlirlərini üstələyir və bu da əhalinin alıcılıq gücünü azaldır. Bu baxımdan, ola bilsin ki, dövlət büdcəsinə yenidən baxmaqla, müəyyən qədər sosial xərcləri artırmaq istiqamətində qərar verilə bilər. Bunu da 100 faiz proqnozlaşdırmaq mümkün deyil. 50 faiz ehtimal var ki, dövlət büdcəsinə yenidən baxılsın, əmək haqqı və pensiyaların müəyyən səviyyədə artırılması və sair kimi məsələlər əsas diqqət mərkəzində olsun”.

AzNews.az