Bu gün Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib. Bu gün Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib.

Tacikistan şirkəti Dağlıq Qarabağda fəaliyyət göstərməyəcək - Razılıq əldə olundu (Foto)

Bu gün Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib.

AzNews.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən iqtisadiyyat naziri Şahin Mustafayev, Tacikistan tərəfdən isə bu ölkənin iqtisadi inkişaf və ticarət naziri Nematullo Xikmatullozodadır.

Komissiyanın iclasında çıxış edən iqtisadiyyat naziri, Komissiyanın həmsədri Şahin Mustafayev ölkələrimiz arasında tarixi və mədəni yaxınlığı qeyd edib, siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla inkişaf etdiyini bildirib, Azərbaycan-Tacikistan əməkdaşlığının genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb. Azərbaycan və Tacikistan arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 45 sənəd imzalanıb. Bu gün 4-cü iclası keçirilən Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsində önəmli rol oynayır. Son illər iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsi müşahidə edilir. 2016-ci ildə Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi 91% artıb. Şahin Mustafayev iqtisadi-ticarət əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Komissiyanın həmsədri Şahin Mustafayev Azərbaycanın əlverişli iqtisadi-coğrafi mövqeyə malik olduğunu vurğulayaraq, tranzit imkanlarının daha da genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafında, tikintisi bu il tamamlanacaq Bakı-Tbilisi-Qars dəmiryolu layihəsində fəal iştirak edir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə artıq Azərbaycanda dəmir yolu xətti və dəmir yolu körpüsü hazırdır. Bu strateji layihələrin icrası iqtisadi-ticarət, turizm və tranzit sahələrində əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətlidir. İclasda tranzit potensialından səmərəli istifadə edilməsi, tariflərin optimallaşdırılması sahəsində Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən görülən işlər barədə məlumat verilib və Tacikistanın bu imkanlardan yararlana biləcəyi qeyd edilib. Tacikistanın Azərbaycanın ilk telekommunikasiya peykindən imkanlarından istifadə etdiyi qeyd olunub və topoqrafik, həmçinin torpaqların kadastr xəritələrinin hazırlanmasında, ekoloji monitorinqlərin aparılmasında Azərbaycan peykindən istifadə edilməsi məsələsinə baxıldığı bildirilib.

Komissiyanın həmsədri Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və qazanılmış uğurlar barədə də məlumat verib, ölkəmizin Cənubi Qafqaz regionunun iqtisadi və mədəni mərkəzi olduğunu vurğulaıb, regional əməkdaşlığa ciddi təhdid və maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini bir daha diqqətə çatdırıb.

Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Nematullo Xikmatullozoda Tacikistan iqtisadiyyatının mövcud vəziyyəti barədə məlumat verərək, ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. N.Xikmatullozoda Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayaraq, ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişlənməsində marağını ifadə edib.

Komissiyanın iclasında Azərbaycan və Tacikistan arasında əməkdaşlığın genişləndirilməsi üçün müxtəlif sahələrdə, o cümlədən Azərbaycandan Tacikistana kənd təsərrüfatı və sənaye məhsullarının ixracına, qarşılıqlı maraq doğuran sahələrdə investisiya fəaliyyətinin genişləndirilməsinə, birgə müəssisələrin yaradılması imkanlarına, nəqliyyat əlaqələrinin artırılmasına, Tacikistanda və Azərbaycanda həyata keçirilən layihələrdə hər iki ölkənin şirkətlərinin iştirakına, kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsinə, hər iki ölkədə iş adamlarının iştirakı ilə birgə sərgi, forum, konfrans və digər tədbirlərin keçirilməsinə, Düşənbə-Bakı birbaşa hava reysinin bərpa edilməsinə dair müzakirələr aparılıb.

İclasın sonunda Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyasının 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri Nematullo Xikmatullozoda imzalayıblar. Sənəddə müqavilə-hüquqi bazanın genişləndirilməsi, ticarət, iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, səhiyyə, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, energetika və su resursları, təhsil və elm, mədəniyyət və turizm, gənclər və idman və s. sahələrdə əlaqələrin inkişafı nəzərdə tutulur.

Protokolda Dağlıq Qarabağ regionu daxil olmaqla Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində istehsal edilmiş hər hansı məhsulun Tacikistan Respublikasının ərazisinə idxalına/ixracına, satışına və realizə edilməsinə, eləcə də bu ərazilərdə tacik şirkətlərinin hər hansı iqtisadi fəaliyyətdə iştirakına yol verilməyəcəyinə dair əldə edilmiş razılıq xüsusi qeyd olunub.

Sonra Bakı Biznes Mərkəzində Azərbaycan sahibkarları üçün Tacikistanın investisiya imkanlarına dair təqdimat keçirilib.

“2030-cu il dövrü üçün Tacikistan Respublikasının milli strategiyası, investisiya mühiti və biznes imkanları”na dair təqdimatla çıxış edən Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Nematullo Xikmatullozoda ölkəsində Azərbaycan iqtisadiyyatına böyük maraq olduğunu, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarını vurğulayıb. Nematullo Xikmatullozoda yeni əlaqələrin qurulması baxımından işgüzar görüşlərin əhəmiyyətini qeyd edib və Azərbaycan sahibkarlarını Tacikistanda həyata keçirilən layihələrdə iştiraka, Tacikistan iş adamları ilə fəal əməkdaşlığa dəvət edib.

Azərbaycana səfər çərçivəsində Tacikistan nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə də tanış olacaq.

image description image description image description image description