Türkiyədən Azərbaycana gətirilən məhsullar ucuzlaşacaq? - Deputat danışdı

“Türkiyənin milli valyutasının dollara nisbətdə ucuzlaşması bu ölkənin mallarının qiymətini ucuzlaşdırıb ixrac imkanlarını artıracaq. Amma bəzi istisnalar çıxmaq şərtilə. Bu, ümumən Türkiyədən Azərbaycana gətirilən məhsulların qiymətinə elə də təsir etməyəcək. Çünki bizdə qiyməti aşağı salıb daha çox mal satmaq yolu ilə dövriyyədən qazanmaq əvəzinə, qiyməti artırmaqla əlavə qazanc götürmək yoluna daha çox üstünlük verirlər”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli “Yeni Müsavat”a açıqlaması zamanı bunları deyib.

Qeyd edək ki, bəzi qonşu ölkələrdə, o cümlədən qardaş Türkiyədə son zamanlar milli valyutanın məzənnəsində dəyişiklik müşahidə olunur, ABŞ dolları bahalaşır. Deputat Azərbaycanda da dolların bahalaşmasının gözlənilən olub-olmadığı barədə də fikirlərini bölüşüb: “Azərbaycan manatı 2015-ci ildəki iki şok devalvasiyadan dollar nisbətdə 0,78 manatdan 1,05 manata, ordan da 1,55 manata, sonra isə 1.92 manata qədər dəyər itirdi. Bu ilin fevralından manatın məzənnəsində bir qədər bahalaşma özünü göstərib və xeyli vaxtdır 1 dollar - 1,70 manat ətrafında hərəkət edir. Amma aidiyyəti qurumların bunu manatın ətrafındakı bütün risklərin aradan qalxması kimi qələmə verməsi həqiqəti tam əks etdirmir. Tədiyyə balansınn cari hesabları və xarici ticarət balansında nəzərəçarpan dərəcədə müsbət saldo yaranmağa başladığından, hazırda və yaxın perspektivdə manatın 2015-ci ildəki kimi şok devalvasiyası üçün əsas yoxdur. Ancaq manat ətrafındakı bütün risklər hələ tam aradan qalxmadığından, ən azından qeyri-neft sektorunun rəqabət qabiliyyətinin və ixrac imkanlarını genişlndirməkdən ötrü bir müddətdən sonra onun tədricən ucuzlaşacağı gözləniləndi”.

Bu arada bir məsələ yenidən aktual şəkildə ortaya çıxır. Söhbət valyutadəyişmə məntəqələrindən gedir. Parlament valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpası ilə bağlı qərar qəbul etsə də, bu sahədə irəliləyiş yoxdur. Bunun səbəblərindən bəhs edən Ə.Məsimli aşağıdakıları bildirdi: “Ona görə ki, yeni valyutadəyişmə məntəqəsi açmaq üçün şərtlər çox ağırdır. Bununla belə, Azərbaycanda, xüsusən Bakıda kifayət qədər valyutadəyişmə məntəqəsi fəaliyyət göstərir. Həm də Azərbaycanda valyutadəyişmə prosesi çox ölkələrlə, xüsusən də inkişaf etmiş ölkələrlə müqayisədə xeyli liberal və asan, sadə və müştəri üçün daha əlverişlidir”.

Qeyd edək ki, son vaxtlar bir sıra iqtisadçılar, o cümlədən parlamentarlar banklardan asılı olan vətəndaşların durumu ilə bağlı məsələlər qaldırıb, onların vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atmağa çağırış edib. Ancaq bu da var ki, bankların özlərinin də ağır vəziyyətlə üzləşməsi kreditləşmə ilə bağlı acınacaqlı durum yaradır. Məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə bu il iqtisadiyyata kredit qoyuluşu 4 milyard 463,1 milyon manat azalıb. Belə bir vəziyyət nə vəd edir?

Ə.Məsimli: “Kreditlşmənin zəifləməsinin ölkə iqtisadiyytaının inkişafına mənfi təsir göstərəcəyi aydındır. Bununla belə, kreditləşmənin indiki həcmindən də səmərəli istifadə edib, xüsusən qeyri-neft sektorunun inkişafına ciddi təkan vermək olar. Son 10 ildə Azərbaycan iqtisadiyyatına 130 milyard manatdan artıq kredit ayrılıb. Onun cəmi 20-cə faizini - 30 milyard manatını qeyri-neft sektorunun çox perspektivli sahələrinə yönəldib səmərəli istifadə olunsaydı, indi qeyri-neft sektoru daxili tələbatın daha önəmli hissəsini əhatə edərdi. Qeyri-neft eksportumuzun orta illik həcmi 1,2 milyard dollar - ayda orta hesabla 100 milyon dollar - yox, 5-6 milyard dollar - ayda orta hesabla 400-500 milyon dolar - olardı ki, bu da milli valyuta-manatın məzənnəsinin xarici konyukturadan asılılığının maksimum dərəcədə azaldılması və dayanıqlı şəkildə sabitliyinin təmin edilməsi üçün yetərli idi. Ona görə də Strateji Yol Xəritələrinin icrası zamanı iqtisadiyyatımıza yönəldilən sərmayə və kreditlərdən istifadənin səmərəliliyinin artrılması və bankların qeyri-neft sektorunda istehsalla əlaqəsinin genişləndirlməsinə diqqət artırılmalıdır. Bu baxımdan sahibkarların kredit resurslarına çıxış imkanlarının genişləndirilmsinə imkan verən ”Kredit Zəmanət Fondu"nun yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsini ilə yanaşı, kiçik və orta biznes qarşısındakı digər maneələrin də aradan qaldırılmasını və digər zəruri tədbirlərin də həyata keçirilməsini zəruri hesab edirik".

AzNews.az