3 ayda Azərbaycana birbaşa xarici investisiyalar 1 milyard dolları ötdü

Bu ilin I rübündə Azərbaycana birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1 mlrd. 17,8 mln. dollar olub.

"APA-Economics" xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin yanvar-mart ayları üçün tədiyyə balansında öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 81,6% təşkil edib. 2018-ci ilin yanvar-mart aylarında tədiyyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (227,5 mln. dollar) artımı cəlb olunmuş investisiya ilə (830,9 mln. dollar) kapitalın repatriasiyası (603,4 mln. dollar) arasındakı fərqdən formalaşır.

Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 186,8 mln. dollar (ötən ilin müvafiq dövrünə nisbətən 3,7% azalma) olub.

AzNews.az