Hardan baxsaq, İlham Əliyev çox və yaxşı işlər görür...

Bu il Azərbaycanda 407 ton barama istehsal edilib.

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı açıqlamaya görə, kümçülərdən barama qəbulu prosesi davam edir və iyun ayının sonlarına qədər tədarükün həcmi daha da artacaq.

Doğrusu, bir jurnalist olaraq iqtisadiyyat üzrə ixtisaslaşmasam da, “baramanın pulu ilə böyüdüyümdən” bu rəqəm diqqətimi çəkdi.

Sovetlər dönəmində valideynlərim Bərdədəki “Kommunizm” adlanan kolxozda işləyər, pambıq becərərdilər.

Pambıqdan qazanılan pul ailənin cari problemlərinin həllinə yönələrdi.

Hər il atam bir neçə qutu ipəkqurdu götürər, babamla birləşib bəsləyərdilər.

Pambıq sahələrinin kənarlarında və xüsusi salınmış çəkil bağlarından qurda yarpaq gətirməyə getmək bizim üçün əsl bayram olardı.

Hərçənd ipəkqurdu bəsləmək asan iş deyil, böyük ailə, səliqəli, yaxşı havalı kümxana, ciddi zəhmət tələb edir.

Bayram əhvalımız barama təmizlənən zaman lap artardı, “camaat” yığışıb köməyə gələr, duzlu-məzəli söhbətlərlə bir neçə yüz kiloqram baramanı iki-üç günə arıtlayıb dağılaşardılar.

İşin çətini və ən zəhlətökəni kümü təmizləmək idi.

Kümlərdən ipəkqurdlarının ifrazatına qarışmış şax-şəvəli daşımaq yarpaq gətirməyə gedəndə, barama arıtlayanda alınan bütün ləzzəti adamın burnunun iki deşiyindən gətirərdi...

“Barama pulu” veriləndə bütün kəndin üzü gülərdi. Qızların cehiz, oğulların toy xərci, yeni ailə quranların ev, ayağını yerdən götürmək istəyənlərin maşın alması üçün paracıqlar hazır idi, deməli.

Düzdür, camaat əziyyət çəkirdi, amma çəkdiyi əziyyətin müqabilində “üstünü düzəldib” önəmli bir problemini həll edəcək qədər vəsait əldə edirdi.

O günləri görmüş biri olaraq 407 ton barama istehsalı gözümə az dəymədi.

Çünki Sovet sistemi dağılandan sonra ipəkqurdunun bəslənməsi üçün yeganə qaynaqlar – çəkil bağları məhv olmuş, kəndlərə qaz verilmədiyi zamanlarda camaat qapısındakı tut ağaclarını belə, kəsib sobaya basmışdı.

1991-ci ildə 5.9 min ton barama istehsal edən Azərbaycanda üç il öncə, bəlkə də gözlərinizə inanmayacaqsınız, cəmi 236 kiloqram barama tədarük olunmuşdu.

Tez-tələsik Türkiyəyə nəzər saldım. Məlum oldu ki, ötən il qardaş ölkədə cəmi 100 ton barama tədarük edilib.

Son illər dövlət baramaçılığı təşviq edəndən, kümçülərin hər nazı ilə oynayandan sonra cəmi 100 ton barama istehsal edilməsi böyük uğur sayılır. Baramanın bir kiloqramı 55 lirəyə, hazırkı məzənnə ilə 12 dollara götürülür. Bizim kümçülərdən aldığım bilgiyə görə, hazırda Azərbaycanda baramanın bir kiloqramı 9 manata qəbul edilir. Ümumi vəziyyəti nəzərə aldıqda alış qiymətinin önümüzdəki illərdə artması qaçılmazdır. Bu rəqəmlər bizə çox şey deyir, əslində.

Əvvəla onu deyir ki, Azərbaycanın həmən yanında yaş baramaya ehtiyacı olan böyük bir bazar var. Türkiyə Azərbaycan baramasını bir kiloqramı 10-12 dollardan “göydə” alar. Əgər həmin baramanı özümüz emal etsək və tekstil ölkəsi Türkiyə bazarına hazır ipək çıxara bilsək, qazancımız daha da çox olar, əlbəttə. Deməli, Azərbaycanda baramaçılığın inkişafına böyük zəmin var.

Bu perspektiv Prezident İlham Əliyev tərəfindən zamanında fərq edildi. Ötən ilin noyabrında ölkədə baramaçılığın və ipəkçiliyin inkişafı üçün 2018-2025-ci illəri əhatə edən dövlət proqramı qəbul edildi.

Elə həmin ay Çindən Azərbaycana 1 milyon ədəd tut (çəkil) tingi gətirilərək Lənkəran, Tovuz, Şəki, Bərdə və Ucar rayonlarına yola salınıb və sonradan bölgüyə uyğun olaraq ətraf 38 rayonda pulsuz şəkildə paylanılıb.

Qaxdakı damazlıq ipəkqurdu stansiyasında inkubasiya edilən qurdlar da kümçülərə pulsuz şəkildə paylanır.

Bundan başqa, Ağcabədi, Balakən, Bərdə, Göyçay, Tovuz, Zaqatala və Zərdab rayonlarında barama qəbulu və emalı məntəqələri yaradılması üçün addımlar atılıb.

Şəkidəki ipək zavodu tam gücü ilə işləmək və xaricdən idxal olunan xammaldan asılılığını aradan qaldırmaq üçün baramaçılığın inkişafını gözləyir.

Azərbaycanın hədəfi 2025-ci ildə 6 min ton barama istehsal etməkdir. Hər fərdi təsərrüfatda orta hesabla 200 kiloqram barama istehsal ediləcəyini zənn etsək, 6 min ton məhsulun tədarükü üçün 30 min kümçü ailəsi lazımdır. Başqa sözlə, 30 min ailə hər il uzağı 35-40 gün zəhmət çəkməklə öz büdcəsini bəlli bir məbləğdə artıra bilər.

Vallah, hardan baxsaq, İlham Əliyev çox və yaxşı işlər görür...

Taleh Şahsuvarlı
AzNews.az