“Tramp tərəfindən TAP-ın dəstəklənməsi...” - Rob Sobhani

ABŞ Prezidenti Donald Tramp tərəfindən Transadriatik boru kəmərinin (TAP) dəstəklənməsi enerji ehtiyatlarının ixracında Azərbaycanın etibarlılığını bir daha nümayiş etdirir.

Bunu Trend-ə “Caspian Group Holdings”in baş direktoru Rob Sobhani D.Trampın İtaliyanın Baş naziri Cuzeppe Konte ilə Vaşinqtonda TAP layihəsini müzakirəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu, bir daha onu nümayiş etdirir ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan enerji ehtiyatlarının ixracında Avropa və ABŞ-ın sabit və etibarlı tərəfdaşına çevrilib.

O bildirib ki, ABŞ, Azərbaycan və Avropa ümumi geostrateji hədəfi paylaşır: Xəzər hövzəsindən enerji ehtiyatlarının Avropa və onun hüdudlarından kənarda istehlakçılara fasiləsiz ixracı:

“Bu, Azərbaycan iqtisadiyyatı üçün çox vacibdir. “Şahdəniz” və digər yataqlardan Avropaya təbii qaz tədarükü ölkəyə sabit gəlirləri təmin edəcək”.

R.Sobhani əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müstəqil xarici siyasət dünyanın enerji xəritəsində Azərbaycana xüsusi yer təmin edib:

“İnvestorlar üçün Azərbaycan təbii qaz və neftin sabit və etibarlı ixracatçısıdır. Bu, gələcəkdə müəyyən gəlirlər əldə etməyə imkan verəcək və Azərbaycan xalqına xeyir gətirəcək”.

AzNews.az