Azərbaycanın pul sistemində yeni mərhələ - İnflyasiyanın hədəflənməsi rejimi...

“İnflyasiyanın hədəflənməsi rejiminə keçilməsi həm konseptual, həm də dinamik inkişaf baxımından yeni imkanlar açır”

Əli Əlirzayev: “Yəni inflyasiya 1 faiz qalxırsa, o zaman iqtisadi artım və yaxud da dinamik inkişaf 1,5-2 faiz olmalıdır”

“Azərbaycanda inflyasiyanın hədəflənməsi rejiminə keçid ən azı iki il vaxt aparacaq”. Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

E. Rüstəmovun sözlərinə görə, bu, xüsusilə də maliyyə sektorunda idarələrarası qarşılıqlı əlaqəni tələb edən çox çətin bir prosesdir: “Prosesin həlledici hissəsi - inflyasiyanın, faiz dərəcələrinin hədəflənməsi ilə əlaqədardır. Bu, dünya təcrübəsidir. Bu məsələdə qiymətli kağızlar bazarının inkişaf etdirilməsi çox vacibdir”.

Qeyd edilib ki, öz növbəsində, qiymətli kağızlar bazarının ilkin mərhələdə inkişafı üçün banklar arasında etimadın yaradılması və likvidlik ticarətin artırılması vacibdir və bunun üçün daha yaxşı bir təminat bazarı tələb olunur: “Bu baxımdan yaxınlarda biz qeydlərin sərbəst buraxılmasını genişləndirdik. Bu, banklararası bazarın inkişafına təkan verir. Ümumiyyətlə, dövlət qiymətli kağızlar bazarının inkişaf etdirilməsi vacibdir. Bu gün üçün bu bazar çox azdır”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda inflyasiya 2,8 faiz təşkil edib. Mərkəz Bank inflyasiya səviyyəsini yüzdə 6-8 səviyyəsində tutmağı planladı. Mərkəzi Bankın sədri Elman Rüstəmovun sözlərinə görə, ilin sonunadək inflyasiya hədəf altında qalacaq.

Qeyd etmək lazımdır ki, bir çox beynəlxalq ekspertlər qlobal böhran şəraitində inflyasiyanın hədəflənməsi rejiminin maliyyə sabitliyinə görə digər pul siyasəti rejimləri üzərində böyük üstünlüyə malik olduğunu qəbul edirlər. Müxtəlif tədqiqatlar göstərir ki, inflyasiyanın hədəflənməsi rejimi fəaliyyət göstərən ölkələrdə makroiqtisadi disbalansın aşağı səviyyədə olduğu müşahidə olunur.

2008-ci il böhranından əvvəl bu rejimdən istifadə etmiş bir çox ölkə onu başqa bir pul siyasəti rejimi ilə dəyişdirməyib.

Büdövlükdə Azərbaycanın da buna keçməsini ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayevin sözlərinə görə, inflyasiyanın hədəflənməsi rejiminə keçilməsi bir sıra məsələlərdən asılıdır: “Mərkəzi Bank sədri haqlı olaraq bildirdi ki, bunun üçün müəyyən vaxt lazımdır. Bununla bağlı nəyisə hədəfləyəndə yeri gələndə inflyasiya aşağı və yaxud da yuxarı olmalıdır. Məsələ ilə əlaqədar müxtəlif baxışlar və konseptual yanaşmalar var. İnflyasiya artanda o zaman investisiya mənbələri axtarmaq lazımdır. Elə etmək lazımdır ki, bu zaman ölkə iqtisadiyyatına qoyulan investisiya artsın. Yeni struktur siyasət, yeni dəyişikliklər lazımdır. Bütün bunları praqmatik olaraq qiymətləndirmək və proqnozlaşdırmaq lazımdır. Ondan sonra bu rejimə keçmək olar. İqtisadiyyat inkişaf edirsə, o zaman inflyasiyanın olması normaldır. Çünki bu zaman kapital qoyulur, genişlənmə baş verir. Ancaq qoyulan hədəfə çatmaq üçün effekt olmalıdır. Yəni inflyasiya 1 faiz qalxırsa, o zaman iqtisadi artım və yaxud da dinamik inkişaf 1,5-2 faiz olmalıdır. Alternativ ssenarilər yazmaq lazımdır ki, inflyasiyanın bu hədəfində biz hansı nəticələr əldə etmiş oluruq. Bu hədəfə çatmaq üçün hansı işlər görmək lazımdır. Yəni iqtisadiyyatın strukturunda dəyişikliklər lazımdır, kapital qoyuluşları lazımdır, iqtisadiyyatın ayrı-ayrı sahələri ilə bağlı prioritetlər lazımdır. Bu baxımdan inflyasiyanın hədəflənməsi rejiminə keçilməsi həm konseptual, həm də dinamik inkişaf baxımından yeni imkanlar açır”. (baki-xeber.com)

AzNews.az