- Köhnə - İqtisadiyyat
- 17 Sentyabr 2018 15:27
- 8 590
Kapital Bank Akademiya açdı - Badamdar qəsəbəsində

Kapital Bank İnsan Kapitalı Akademiyasının açılış mərasimi keçirilib.
Akademiya Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küç., 12 ünvanında yerləşən Kapital Bank-ın inzibati binasının 3-cü mərtəbəsində fəaliyyət göstərir.
Bankdan AzNews.az"a daxil olmuş məlumata görə, açılış mərasimində Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova, “FireWorks HRM” şirkətinin direktoru Laura Həmidova, Türkiyənin DenizBank Akademiyasının nümayəndəsi Tankut Çığır və digər rəhbər şəxslər iştirak edib. Akademiyanın açılmasında əsas məqsəd keyfiyyətli və ehtiyacları qarşılayan tədris vasitəsi ilə Azərbaycanın bank sektorunda korporativ təlim və inkişaf üzrə lider təsisat olmaqdır.
İnsan Kapitalı Akademiyası Kapital Bank-ın işçi heyətinin, tərəfdaşlarının, müştərilərinin və maraqlı olan digər tərəflərin bankçılıq və idarəetmə üzrə peşəkarlıq səviyyəsinin artırılmasına xidmət göstərir və beynəlxalq ekspertizanı yerli yanaşma ilə təqdim edir. İnsan Kapitalı Akademiyası 3 strukturlu tədris proqramı və çoxsaylı təlimlər təklif edir. Tədrisi həyata keçirən şəxslərin əksəriyyəti bankın təcrübəli əməkdaşları, bir qismi isə partnyor şəxslər və təşkilatlardır.
“Akademiyanın tərkibində yaradılmış kitabxanada azərbaycan, ingilis, türk və rus dillərində olmaqla müxtəlif sahələrə və istiqamətlərə aid olan yüzlərlə kitab təqdim olunur. Bura, eyni zamanda, kiçik biznes mərkəzi rolunu daşıyır. Belə ki, burada “qoş və qoşul” konsepsiyası tətbiq olunub və ofisdən kənarda rahat işləyə bilmək, müxtəlif layihələr üzərində çalışmaq, araşdırmalar aparmaq və təqdimatlar hazırlamaq üçün şərait yaradılıb”, - deyə, İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.
Nərgiz Soltanlı
AzNews.az