Prezident Ağcəbədiyə 7 milyon manat ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Ağcabədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, iyirmi üç min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 5 milyon manatı Ağcabədi Rayon İcra Hakimiyyətinə ayrılsın.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Dövlət başçısının digər sərəncamına uyğun olaraq, Ağcabədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Ağcabədi Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

AzNews.az