“Banklar çox pis vəziyyətə düşə bilər”- MÜSAHİBƏ

Kommersiya Banklarında ciddi monitorinqlərin keçirilməsinə ehtiyac var.


Bunu AzNews.az-a Milli Məclisin iqtisadi siyasət məsələləri komitəsinin üzvü Əli Mənsimli müsahibəsində bildirib.

- Əli müəllim son günlər banklarda kreditlərin verilməsi ilə bağlı çaşqınlıqlar yaranıb. Banklarda nə baş verir?


- İlk öncə deyim ki, Azərbaycanda istehlak kreditləri, digər kreditlərin 40 faizi səviyyəsinə gəlib çıxıb. Qaytarılmayan kreditlərin həcmi dünya iqtisadi böhranından əvvəl 2 faiz idisə, hazırda bu 5 faiz civarındadır. İş elə gətirib ki, imkanı olmayan vətəndaşlar istər istehlak, istərsə də avtomobil kreditləri alıb qaytara bilmirlər.

Ona görə də, sözü gedən şəxslərin avtomobilləri, daşınan-daşınmaz əmlakları torpaqları, mənzilləri, yığılır banklara və bu da sonda ciddi problemlər yaradır. Dünya ölkələrin də təcrübəsindən çıxış edərək bildirmək olar ki, hələ Azərbaycanda qaytarılmayan kreditlərin həcmi, xüsusi çəkisi payı təhlükəli həddə çatmasa da, bu bir müddətdən sonra ölkədə ciddi problemlər yarada bilər.

Hökumət bununla bağlı qabaqlayıcı tədbirlər görür və Mərkəzi Bank tərəfindən bütün kreditlərin arayışla verilməsi məsələsini qaldırıb. Avtomobil kreditlərinin verilməsində də müəyyən baryerlər işlənilir. Amma mənzil kreditləri belədir ki, bu yalnız İpoteka kreditləri vasitəsi ilə verilir və bu da qanunla tənzimlənir. Sosial, adi ipoteka kreditləri qanunvericiliyin tələblərinə uyğun vətəndaşlara verilir.

-Hazırkı durumda kreditlərin arayışla verilməsi bankların müflisləşməsinə və ya faiz dərəcələrinin aşağı düşməsinə gətirib çıxara bilərmi?


-Burada məsələ ondan ibarətdir ki, kreditlərin verilməsi qanunla tənzimlənir. İstehlak kreditləri haqqında qanunvericilikdə dəyişiklik etmədən hansısısa bir qadağaları qoymaq olmaz. Mərkəzi Bankda hazırkı qanunvericiliyə uyğun olaraq yalnız tövsiyə verir. Tövsiyələrin də yerinə yetirilməsi kommersiya banklarından asılıdır.

Özəl banklarda bu tövsiyələrlə bağlı bir neçə işlər görürlər. Hazırda yeni tövsiyələrə uyğun olaraq kommersiya bankları bir sıra sosial reklamlar verməyə başlayıblar. Bəzi kriteryalara cavab verən vətəndaşlara bir neçə faiz aşağı salınmış şəkildə kredit verməyə başlayıblar. Bu da əvvəlki dövrlərlə müqayisədə faiz dərəcələrinin banklarda etibar qazanmış şəxslər aşağı faizlə kredit alırlar. Bu istiqamətdə addımlar atmağa başlayıblar.

Digər tərəfdən elə banklar var ki, istehlak kreditlərin onun kredit portfelində az yer tutur. Elələri də var ki, bu portfeldə o qədər yer tutur ki, bankın taleyi bilavasitə istehlak kreditindən asılıdır. Banklar bütövlükdə kredit verməni saxlasalar, çox pis vəziyyətə düşə bilər. Ona görə banklar etibarlı müştərilərinə kredit vermə prosesini davam elətdirirlər.

- Bəs Banklar kreditlərin faiz dərəcələrini niyə aşağı salmaq istəmirlər?


- Əgər verilən kreditlərin qaytarılmamaq həcmi 10 faizi ötsə, bu ölkədə ciddi problemlər yara bilər. İnsanların daşınan və daşınmaz əmlakları bankların nəzarətinə keçəcək və sonda bu da ciddi problemlər yaradacaq. Kreditlərin hazırkı faizi çoxdur. Biz bunu dəfələrlə bildirmişik ki, bu, aşağı salınmalıdır.

Hökumətin hesabatında, büdcənin müzakirəsi zamanı da bu məsələ qaldırılır. Amma əks tərəf də buna bir neçə arqument gətirir. Əks tərəfin ən populyar arqumenti qeyri-risk dərəcələrinin yüksək olmasıdır. Hesab edirəm ki, hazırda bankların lüzumsuz xərcləri çoxdur. Ona görə də, bankların rentabellik səviyyəsi aşağıdır. Bu məsələnin həll edilməsi üçün banklarda ciddi monitorinqlər aparılmalıdır.

Bank faizlərinin aşağı salınması istiqamətində, nəzərə çarpan tədbirlər görülməlidir. Son dövrlərdə Mərkəzi Bankın son tövsiyələrindən sonra müəyyən dərəcədə kredit faizlərinin aşağı düşməsi özünü göstərir.

-Əli müəllim, Azərbaycanda bir qədər əvvəl dayandırılmış avtomobil kreditləri yenidən aktivləşib.Hazırda avtomobil alınması üçün kreditlər üzrə ilkin ödənişlərin 80% olacağı bildirilir. Sizcə bu dərəcədə düzgündür?


– Azərbaycanda yetərincə Bank mütəxəssisləri var. Bu cür mütəxəssislər Mərkəzi Bankda və istərəsə də kommersiya banklarında yetərincədir. Açığı, mən inanmıram ki, profisionallardan ibarət komanda belə bir təkliflərlə çıxış etsin. Bu gülünc təklifdir və dünyanın heç bir yerində bu cür qaydalar yoxdur.

Amid
AzNews.az