Boşanma zamanı əmlak necə bölünür?

Ötən il Azərbaycanda rəsmi orqanlar tərəfindən 89,4 min nikah və 10,6 min boşanma qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1 000 nəfərinə hesabı ilə 2010-cu ilə nisbətən nikahların sayı 12,7%, boşanmaların sayı isə 19,1% artıb.
Boşanan ailələrin əksəriyyətində əmlakın bölüşdürülməsi məsələsi ortaya çıxır və bu hal da mübahisələrə səbəb olur. Bəs boşanma zamanı əmlak necə bölüşdürülməlidir? Bunun yolları hansılardır?

Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsindən AzNews.az-a bildirir ki, ərlə arvadın əmlak münasibətləri Ailə Məcəlləsinin 32-ci maddəsində əksini tapıb. Nikah müddətində birgə gəlirlər əsasında əldə olunmuş əmlak ərlə arvadın birgə mülkiyyəti hesab edilir. Qanunda vurğulanır ki, məhkəmə tərəflərdən birinin diqqətəlayiq xidmətlərini, uşaqların kimin yanında qalmasını, əmlakın formalaşdırılması, saxlanılması, təmirindəki rolunu nəzərə alınmaqla payların mütənasibliyində artım edə bilər. Lakin hakim əmlak bölünərkən ərin narkoman olması, yaxud tüfeyli həyat tərzini və yuxarıdakı halları nəzərə alaraq pay bölgüsündə müəyyən artımlar etmək hüququna malikdir.

Uşaqlar qadında qalacaqsa, ər narkomaniyaya meyllidirsə, qadın qeydiyyat vəsiqəsi onun adına təsbit edilməklə əmlakın üçdə iki hissəsinin ona verilməsi tələbini qaldıra bilər. Praktikada da hallar var ki, qadın sübutlarını, həmçinin, uşaqların onun yanında qalmasını nəzərdə tutan boşanma haqqında məhkəmə qətnaməsini təqdim edirsə, onlar təsdiqini tapırsa, hakimlər problemsiz olaraq müvafiq qərar çıxarır. Çünki qanunvericilik buna tam icazə verir. Ailə Məcəlləsində nəzərdə tutulub ki, boşanma zamanı məhkəmə uşaqların kimin yanında qalması, aliment, soyadın qaytarılması, əmlak bölgüsü problemlərini də həll etməlidir. Bərabər şəkildə boşanma ilə bağlı müraciət edildikdə məhkəmədə əmlak məsələsini də qoymaq mümkündür. Bu, boşanma ilə bağlı məhkəmədən əvvəl də mümkündür. Qadın və ya kişi əmlak payının əvvəlcədən müəyyənləşdirilməsini istəyir.

Nikah pozulduğu təqdirdə isə bu məsələyə münasibət bildirmək məhkəmənin vəzifəsidir. Adətən məhkəmədə əmlak bölgüsü işin mürəkkəbliyi və başqa şəxslərin maraqlarına toxunmamaq üçün boşanmadan sonraya saxlanılır ki, daha ətraflı baxılsın. Qadın əmlak bölgüsündə nə qədər pay istəyirsə, bunu müəyyənləşdirmək onun öz hüququdur. O, Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən çıxarış verilməsini tələb etməlidir. Çünki daşınmaz əmlakla bağlı hüquqlar yalnız bu orqandan çıxarış alındıqdan sonra yaranır. Mülki Məcəllənin 78-ci maddəsində tam ödəniş edildiyi halda həmin mülkiyyət üzərində mülkiyyət hüququ yaranır.

Bahadur Eyuboğlu
AzNews.az