Qubad İbadoğludan yeni təklif - Pensiya və müavinətlər artırılsın

İqtisadçı-alim Qubad İbadoğlu pensiya və müavinətlərin artırılması təklifi ilə çıxış edib.



AzNews.az xəbər verir ki, o, bu barədə özünün Facebook sosial səhifəsində yazıb.

"Ötən ay Azərbaycanda orta aylıq əmək haqqı 444 manat olub. Orta aylıq əmək haqqının cüzi artımı fonunda qiymətlər əhəmiyyətli dərəcədə bahalaşıb. Bayram ərəfəsində, xüsusilə də ərzaq məhsullarında ciddi qiymət artımı müşahidə olunur. Ekspertlər sosial sahədəki gerçək ehtiyacları düzgün qiymətləndirib, dürüst qərarlar vermək üçün cari qiymətlərlə minimum istehlak səbətinin hökümətin təsdiq etdiyi normalar əsasında dəyərini hesablayıblar. Mart ayının 15-ə olan hesablamalar göstərib ki, ölkə üzrə minimum istehlak səbəti əmək qabiliyyətli əhali üçün 215.1 manat, pensiyaçılar üçün 164.3 manat, 0-15 yaşlı uşaqlar üçün isə 223,2 manat təşkil edib. Deməli, minimum xərclər 1 uşaqlı ailədə 653,3 manat, 2 uşaqlı ailədə 876,5 manat, 3 uşaqlı ailədə isə 1099,7 manat səviyyəsindədir. Bu hesablamalar onu da göstərir ki, Azərbaycanda orta aylıq əmək haqqı 1000 manatdan az olmamalıdır. Nəzərə alsaq ki, orta statistik azərbaycanlı ailəsi 4,5 nəfərdən ibarətdir və hər ailədə adətən 1 nəfər işləyir".

Pensiyaların baza məbləğinin 165 manat (hazırda bu məbləğ 100 manat və ya 95 dollar təşkil edir. Minimal pensiya Qazaxıstanda 185 dollar, Belarusda 129 dollar, Ukraynada 118,8 dollar və Rusiyada isə 108,7 dollardır), uşaqlara, əlillərə və digər həssas qruplara verilən aylıq maddi yardım və sosial müavinətlərin minimum məbləğinin 225 manat, işsizlərə verilən müavinətlərin məbləğinin isə ayda 220 manat müəyyənləşdirilməsini təklif edir.

Bahar RÜSTƏMLİ
AzNews.az