ETSN: “Xəzərdə brokonyerlər yoxdur“

"Xəzər dənizində brokonyerlər yoxdur. Xəzərdəki balıqçılar icazə əsasında dənizə çıxırlar və onların fəaliyyəti qanunla tənzimlənir".

Bunu AzNews.az-a açıqlamasında brokonyerlərin dənizdə quraşdırılacaq seysmik stansiyalara zərər yetirəcəyi ilə bağlı fikirlərə münasibət bildirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktor müavini Qabil Məmmədov deyib.

Q.Məmmədovun sözlərinə görə, dənizə balıq ovuna çıxan qayıqların qeydiyyatı aparılır və onların fəaliyyəti tənzimləndiyindən heç bir təhlükə gözlənilmir.

Məlumat üçün bildirək ki, dənizdə seysmik stansiyaların quraşdırılması ilə bağlı sənədlər AMEA-nın Seysmoloji Xidmət Mərkəzi tərəfindən Xəzər Dəniz Layihə İnstitutuna təqdim ediləcək. Stansiyalar "Günəşli", "Bahar" və "Ümid" yataqlarında quraşdırılacaq.

Elnarə Əlosmanqızı
AzNews.az