“9 ayda ümumi dövriyyəmiz 7.9 milyard olub” - MÜSAHİBƏ

Bakı Fond Birjası İdarə Heyətinin sədri: “Gündəlik həcm isə 30 milyon manat cıvarındadır”



Emin Əliyevin AzNews.az-a müsahibəsi.

- Emin bəy, Bakı Fond Birjasında (BFB) son yeni tendensiyalar nədən ibarətdir?

- Bakı Fond Birjası yeni trendləri, bazara, öz imicinə qarşısına qoyduğu hədəflərə, missiyasına və strateji baxışına əsasən mənimsəyir. Söhbət təbii ki, ilkin olaraq yeni alətlərdən, elektron xidmətlərin tətbiqindən gedir. Yaxın gələcəkdə Bakı Fond Birjasında korporativ repo əməliyyatlara start veriləcək. Banklararası pul bazarına gətiriləcək yeni alətin bazar tərəfindən qəbul olunacağına və uğurlu tətbiqinə şübhə etmirik.

Bundan başqa, Bakı Fond Birjası, potensial emitentlərlə və investorlarla daim görüşlər keçirir. Bu görüşlərdə kapital bazarlarının təqdim etdiyi imkanlar, banklarla müqayisədə bazarda borclanmanın üstünlükləri barədə məlumat təqdim olunur. Bazarın buna marağı çox olsa da, bu yola çıxmağa hazır şirkətlərin sayı hələ kifayət qədər deyil.

Bakı Fond Birjası, həmçinin bazarda maliyyə şəffaflığı, korporativ idarəetmə, məlumat simmetriyasının bərqərar olmasının vacibliyi istiqamətində mütəmadi maarifləndirmə tədbirləri keçirir. Eyni zamanda beynəlxalq əlaqələrimiz artır, Bakı Fond Birjası aparıcı dünya birjaları ilə dost münasibətlər saxlayır ki, bu da nəticə etibarilə əməkdaşlığa və yeni trendlərin mənimsənilməsinə gətirib çıxarır.

- Bakı Fond Birjasında market-meyker fəaliyyəti ilə bağlı hansı yeniliklər var?

- Market-meyker, adından göründüyü kimi bazarı edən, və ya bazarı bərqərar edən mənalarını daşıyır. Bildiyiniz kimi, bazar dərinliyinin təminatı, bazarın likvid olması üçün market-meykerlərin peşəkar fəaliyyətinə böyük önəm verilir. Bazarın bu peşəkar iştirakçıları, market-meykeri olduqları qiymətli kağızların böyük tezliklə tədavülünü təmin edirlər. Bununla əlaqədar əməliyyatların həcmləri artır. Bakı Fond Birjası bu ilin avqust ayında market-meyker qaydalarını qəbul etdi. Yaxın zamanda bir neçə market-meykerlərin fəaliyyətinin şahidi olacağıq.

- Market-meyker qaydalarının qəbulunda Azərbaycan kapital bazarının durumu nəzərə alınıbmı, yoxsa dünya təcrübəsində əsaslanmış ümumi qaydalar qəbul edilib?

- Sözügedən qaydalar, Bakı Fond Birjasında market-meyker institunun yaradılması və onun fəaliyyətinin tənzimlənməsini müəyyən edir. Əlbəttə, bu qaydaların məhz indiki mərhələdə qəbul edilməsi Azərbaycan kapital bazarının cari vəziyyəti ilə uzlaşdırılmış bir addımdır. Qaydalar hazırlanarkən qabaqcıl beynəlxalq təcrübə də öyrənilib. Ümumiyyətlə, Bakı Fond Birjasında belə bir ənənə mövcuddur ki, istənilən daxili qaydalar və ya yeniliklər tətbiq edilərkən, bu sahədəki qabaqcıl dünya təcrübəsinə mütləq nəzər salınır. Market-meyker qaydalarının məhz indiki mərhələdə qəbulunu şərtləndirən mühüm daxili amil də var. Hazırda Bakı Fond Birjası məxsusi Listinq Məsləhət Proqramını həyata keçirir və bu proqram çərçivəsində yerli şirkətlər, kapital bazarına çıxmağın faydaları barədə maariflənmə işləri görülür. Proqramın icrası, yaxın perspektivdə yerli qiymətli kağızlar bazarında yeni emitentləri meydana çıxaracağı ehtimalına əsas verir. Belə bir şəraitdə market-meyker qaydalarının qəbulu və bazarda ilk rəsmi market-meykerlərin formalaşması, bu prosesə hazırlıq baxımından mühüm addımdır.

- İlin 9 ayının yekunları barədə də bilmək maraqlı olardı.

- İlin 9 aylıq nəticələrinə görə, həm dövlət, həm də korporativ sektorunun qiymətli kağızlar ticarətində artım müşahidə olunub. Müvafiq olaraq 40% və 28% - dövlət sektorunda daha çox repo əməliyyatlarının həcminin artımına görə, korporativ sektorda isə səhmlərin yerləşdirilməsi və təkrar bazarının artması nəticəsində. 9 ay ərzində ümumi dövriyyəmiz 7.9 milyard manat təşkil edib. Keçən ilin eyni dövrü ilə müqayisədə bu il 39% artım müşahidə olunub. Gündəlik həcm isə təqribən 30 milyon manat cıvarındadır.

Sevda Babayeva
AzNews.az