Bakıda balın kilosu 15 manata satılacaq

Bu gün Bakıda Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası başlayır.

Noyabrın 5-dək davam edəcək sərgi-satış yarmarkada 49 rayondan 200 nəfər arıçı iştirak edir. Satışa 300 ton bal, 40 kq vərəmum, 1 kq arı südü, 25 kq çiçək tozu çıxarılacaq.

Arıçılıq məhsulları yarmarkası başlamazdan əvvəl satışa çıxarılan arıçılıq məhsullarının keyfiyyəti respublika baytarlıq laboratoriyasında yoxlanılıb. Keyfiyyətsiz məhsullar satışa buraxılmayıb. Təklifləri nəzərə alınaraq, 1 kq yüksək keyfiyyətli bal 15 manata satılacaq.

Yarmarkada gənc arıçılara minimum bilgilər veriləcəkdir, elmi-praktiki konfrans keçiriləcək, xəstəliklərə qarşı mübarizə tədbirlərindən söhbət açılacaq, damazlıq-seleksiya işləri barədə təcrübə mübadiləsi aparılacaqdır.

Elnarə Əlosmanqızı
AzNews.az