- Siyasi müzakirə
- 6 Mart 21:38
- 3 239
“Çin Rusiya və İran neftindən imtina etməyəcək” – Həşim Səhrablı
"Əlbəttə, ABŞ Çindən belə bir tələb irəli sürə bilər, amma Çin bunu nə dərəcədə yerinə yetirəcək? Çinin Rusiya və İran neftindən imtina etməsi demək olardı ki, sənaye üçün olan tələbatını ya ABŞ-dan, ya da müəyyən qədər baha olan digər bazarlardan təmin etsin. Bu isə Çin üçün nə qədər məqbul sayılacaq? Çin iki seçim qarşısındadır: birincisi, hər hansı məhsulu istehsal edib, sonra daha az xərc çəkərək ucuz qiymətə satmaq və iqtisadi potensialını artırmaq; ikincisi, neftin baha qiymətə alınması nəticəsində istehsal xərclərinin artması və məhsulların qiymətinin yüksəlməsi, bununla da dünya bazarındakı satış tempinin azalması. Buna Çin razı olacaqmı? Mənə elə gəlir ki, yox. Çin tərəfi danışıqlarda ABŞ-nin təzyiqini yüngülləşdirmək və zaman qazanmaq üçün müəyyən vədlər verə bilər, amma dövlət maraqları səbəbindən Rusiya və İran neftindən imtina etməsi məqbul deyil. Çünki bu yalnız iqtisadi məsələ olmayacaq. Çin Rusiya və İrandan neft alaraq onların maliyyələşdirilməsinə xidmət edir. Nəticədə, Rusiya və İran regionda ABŞ və müttəfiqlərinə qarşı müdafiə mexanizmi qurur, bu da Çin üçün təbii müdafiə rolunu oynayır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, "The Wall Street Journal”ın məlumatına görə, ABŞ yaxınlaşan danışıqlarda Çindən Rusiya neftinin alımını azaltmasını tələb etməyi planlaşdırır. Nəşr bildirir ki, ABŞ-nin maliyyə naziri Scott Bessent Çin nümayəndələrini İran neftindən imtina etməyə inandırmağa çalışacaq. Qarşılığında isə ABŞ neft və qaz tədarükünü artırmaq, eləcə də “Boeing” təyyarələri və soya məhsullarının satışını genişləndirməyi təklif edə bilər. Eyni zamanda iddialara görə, Çin lideri Si Cinpin danışıqlar zamanı Tayvanın müstəqilliyi məsələsini ABŞ Prezidenti Donald Trampın diqqətinə çatdıra bilər.
Siyasi şərhçi qeyd edib ki, beləliklə, Çin özü heç bir əlavə tədbir görmədən, ABŞ-nin xarici siyasətdə problemlərlə üzləşməsinə səbəb olur və onun Çinə qarşı real addımlar atma imkanlarını azaldır.
"Hesab etmirəm ki, Çin indi milli maraqlarından imtina edəcək. Tayvan məsələsinə gəlincə, Çin onsuz da beynəlxalq hüquq baxımından və ikitərəfli münasibətlər çərçivəsində Tayvanın materik Çinin bir hissəsi olduğunu qəbul etdirib. Dünyada əksər ölkələr Tayvanın müstəqilliyini tanımır və onu Çinin bir adası kimi qəbul edirlər. Bu baxımdan, defakto ayrılığı yalnız neft və qaz razılaşmaları ilə aradan qaldırmaq mümkün deyil. Bu məsələ yalnız hərbi və güc vasitələri ilə həll oluna bilər ki, ABŞ hansısa şərtlərlə vədlər versə belə Tayvanı Çinə təhvil verməsi mümkün deyil. Sadəcə zaman gəlməlidir və şərait uyğunlaşmalıdır. O zaman görəcəyik ki, Çin Tayvanı xoşluqla birləşdirməsə, alternativ güc vasitələrindən istifadə edərək bu məsələyə müdaxilə edəcək. Lakin nə qədər uğurlu olacağı zaman göstərəcək. Danışıqlarda prioritet məsələlər həm Tayvan, həm də enerji və ticarət məsələləri olacaq, amma bugünkü reallıqda iqtisadi məsələlər daha aktualdır. ABŞ və Çin arasında Tayvan problemi dondurulmuş tarixi bir problem kimi qalır, amma iqtisadi savaş artıq faktiki reallıqdır. Donald Trampın hakimiyyətə qayıtmasından sonra isə Çinlə faktiki iqtisadi müharibə başlayıb. Bu müharibə Çin üçün dünya bazarına daha çox nəzarət imkanı yaradır. Bu səbəbdən əsas diqqət iqtisadi məsələlərə yönəldiləcək, amma Tayvan məsələsi də danışıqların əsas mövzularından biri olaraq qalacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az