Azərbaycanda bankların bədbəxt etdiyi ailələr... - Araşdırma

Bank və notariusların iş birliyi


Bu "əməkdaşlıq" hər il onlarla ailəni evsiz qoyur

Qələndərov Ramin Musa oğlu "Nikoyl" İnvestisiya Kommersiya Bankı ASC ilə 04 dekabr 2008-ci ildə 1821/43/01 saylı kredit müqaviləsi bağlayaraq 30 000 manat kredit götürüb. Kreditin təminatı kimi isə R. Qələndərov dostunun anası, Bərdə rayon sakini Şahverdiyeva Bənövşə Teymur qızına məxsus Bərdə şəhəri Şəhriyar küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 117,7 kvadratmetr yaşayış, 206 kvadratmetr köməkçi sahədən ibarət 1/3 saylı fərdi yaşayış evi qoyulub. Bununla bağlı Bənövşə Şahverdiyeva və "Nikoyl" İKB ASC arasında 72 saylı ipoteka müqaviləsi bağlanıb. Müqaviləyə əsasən Ramin Qələndarova 12 ay müddətinə illik 25 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 30000 manat məbləğində kredit verilib.



İpoteka predmeti olan daşınmaz əmlakın 04 dekabr 2008-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsində qeydiyyatı aparılıb. Borclu kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı "Nikoyl" İKB ASC kredit müqaviləsinin ləğv edilməsi, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair Bərdə rayon Məhkəməsinə müraciət edib. Bərdə rayon Məhkəməsinin 2(021)-1074/2009 saylı 24 noyabr 2009-cu il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilib və tutma ipoteka qoyulan daşınmaz əmlaka yönəldilib. Məhkəmənin qətnaməsi icra olunaraq Bənövşə Şahverdiyevanın mülkiyyətində olan fərdi yaşayış evi hərraca çıxarılıb. Daha sonra iddiaçı "Nikoyl" İKB ASC qeyd olunan fərdi yaşayış evini hərrac vasitəsilə satın alıb və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsində 05 mart 2013-cü il tarixli qeydiyyat aparılıb. 15 aprel 2013-cü il tarixdə Bərdə rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edən "Nikoyl" İKB ASC Bənövşə Şahverdiyeva və Teymur Salmanovun yaşayış evində pasport qeydiyyatından və evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş edib. Bərdə Rayon Məhkəməsi 2(021)-732/2013 saylı 02 iyul 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək hər iki şəxsin evdən çıxarılmalarını qət edib. Hazırda respublikamızda eyni üsulla mənzilindən məhrum olanların sayı yüzlərlədir.

"Notariuslar öz işlərini lazımınca yerinə yetirmir"

Araşdırmalar göstərir ki, mövcud problemin yaranma səbəblərindən biri də, notariusların öz işlərini lazımınca yerinə yetirməməsidir. "Notariat haqqında" qanunun 46-cı maddəsində göstərilir ki, qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, habelə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Həmçinin, Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilən "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" təlimatda nəzərdə tutulur ki, hər bir vətəndaş notariusa müraciət edərkən onun hüquq və vəzifələri izah olunmalıdır. Daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edilərkən digər vəzifələrlə yanaşı, notariuslar notariat hərəkətlərinin aparılması üçün müraciət edən şəxslərin şəxsiyyətini müəyyən etməli, əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı, özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır. Bu iş üzrə isə Salmanova Şərafət Çoban qızı, Salmanova Dilarə Çərkəz qızı, Allahverdiyev Xəyyam İlham oğlu və Allahverdiyeva Günay İlham qızı ipoteka predmeti olan Bərdə şəhəri Şəhriyar küçəsi ev 3 ünvanında daimi yaşamaqla pasport qeydiyyatındadırlar. Belə olan halda mənzildə istifadə hüququ olan fərdi yaşayış evinin cavabdehlər tərəfindən ipoteka ilə yüklü edilməsi, sonradan isə özgəninkiləşdirilməsi onların hüquqlarını pozub. Halbuki, kredit götürərkən və ya zamin durarkən əmlakını girov qoymaq istəyən vətəndaşa izahat verilməlidir. Vətəndaş müraciət edərkən və daşınar və ya daşınmaz əmlakını girov qoyarkən bununla bağlı tələblər ona aydın şəkildə izah edilməlidir. Amma hazırda buna riayət edilmir. Rəsmi sənədlərdə ev girov kimi götürülərkən orada qeydiyyatda olan hər bir şəxsin razılığının olması tələbi əksini tapsa da, bunlara reallıqda əməl olunmur. Sonradan notariusların bununla bağlı səhlənkarlığı ortaya çıxanda da nə hüquq-mühafizə orqanları, nə də məhkəmələr onları bu işlərə cəlb edir.



"Girovla bağlı məsələləri çox vaxt hansısa dəllallar, tanışlıq vasitəsilə həll edir"

Mülkiyyəti əlindən alınan Bənövşə Şahverdiyeva isə deyir ki, 2 nömrəli forma arayışı o, özü deyil, kredit alan Ramin Qələndarov alıb: "Bu zaman evimizdə pasport qeydiyyatında olan şəxslərin adları həmin arayışda bilərəkdən göstərilməyib. Belə ki, 2 nömrəli forma arayışında bizim adlarımız göstərilsəydi, bu halda bizim də yaşadığımız evin ipoteka ilə yüklü edilməsinə notariat qaydada təsdiqlənmiş ərizə ilə razılıq verməyimiz zərurəti yaranacaqdı. Lakin, bizim heç vaxt evin ipoteka ilə yüklü edilməsinə razılıq verməyəcəyimiz üçün Ramin Qələndarov 2 nömrəli forma arayışı verən orqanla, yəni Bərdə şəhəri İcra Nümayəndəsi İlham Məmmədovla qanunsuz razılaşma əldə edib. Onlar bizim adımızı həmin arayışda göstərməyiblər".

Məsələyə münasibət bildirən hüquqşünas Yaşar Ağazadə deyir ki, Ramin Qələndarov "Nikoyl" İKB ASC ilə müqavilə münasibətlərinə daxil olaraq Bənövşə Şahverdiyevanın mülkiyyətində olan evi ipoteka ilə yüklü edib: "Amma ev ipoteka ilə yüklü edilərkən qanunvericiliyin tələblərinə əməl olunmayıb. Bu zaman mülkiyyətçidən başqa evdə daimi yaşayan və pasport qeydiyyatında olan digər şəxslərin razılığı alınmayıb. Nəticədə qeyd olunan fərdi yaşayış evindən istifadə hüququ olan şəxslərin qanunla qorunan hüquq və mənafeləri pozulub".


Hüquqşunas M.Baxışov da hesab edir ki, yaranan problemlərin bir səbəbini də notarius və məhkəmələrdə axtarmaq lazımdır: "Kreditlər rəsmiləşdirilərkən girovla bağlı məsələləri çox vaxt hansısa dəllallar, tanışlıq vasitəsilə həll edir. Nəticədə isə vətəndaşın əmlakı sonradan əlindən çıxır. Bu zaman məlum olur ki, ona heç nə izah olunmayıb və özünün də bilgisizliyi onu uçuruma sürükləyib. Problemin həlli yollarının ən ümdəsi bu cür müqavilələri təsdiq edən notariusların öz vəzifə borclarını qununda nəzərdə tutulan qaydada yerinə yetirməsidir. Həmçinin, vətəndaşlar maariflənməlidir. Xusuilə, daşınmaz əmlakla bağlı ehtiyatlı olmaq lazımdır. İkincisi, ölkəmizdə müstəqil məhkəmə hakimiyyəti yaradılmalıdır. Məhkəmələr işlərə qanunverciliyin tələblərinə uyğun baxsalar, qanuni qərarlar qəbul edərlər və bu problemlər yaranmaz. İşbazlar da bu işlərin keçmədiyini görəndə bu işlərdən çəkinəcək. Bu isə insanların illərlə çəkdikləri zəhmətin nəticəsi olaraq əldə etdiyi əmlakın dələduzların yeminə çevrilməsinin qarşısını alardı".


"Kreditlər verilərkən alınan "şapka" kredit alanın vəziyyətini daha da ağırlaşdırır"


İqtisadçı Vüqar Bayramov o qənaətdədir ki, bu kimi problemin yaranmasının əsas səbəbkarlarından biri kommersiya banklarıdır: "Kommersiya bankları uzun illər ucuz gəlir əldə etməkdən ötrü kifayət qədər yüksək faizlərlə kreditlər verdi. Kredit faizləri hətta kifayət qədər kritik həddə, yəni 35 faizə yüksəldi. Bu da dünyanın heç bir yerində müşahidə olunmayan kredit faizləri idi. Kommersiya bankları həmin kreditləri verərkən düşünməli idi ki, bu cür yüksək faizlə verilən kreditlərin qaytarılması heç də asan olmayacaq. Bundan başqa kreditin sığortalanması, bank əməliyyatları və kreditlər verilərkən alınan "şapka" kredit alanın vəziyyətini daha da ağırlaşdırır. Həmçinin, kreditlər verilərkən kifayət qədər təhlil aparılmır".


Sabiq millət vəkili Nazim Məmmədov isə deyir ki, müştəri təhlili düzgün aparılmadığına görə bu cür hallar yaşanır: "Banklar düşünür ki, artıq hansısa girov qoyulubsa, müştərinin gəlirliliyi, fost-major hallarını araşdırmağa ehtiyac yoxdur. Beynəlxalq təcrübə göstərir ki, əgər vətəndaşların borcları belə şişirsə, hökumət banklara bu borcları kompensasiya etmək üçün vəsait verir. Bu da həmin insanlara şərait yaradır ki, borcları ödəmək üçün yollar tapsın. Hökumətin vətəndaşı bankla baş-başa buraxması düzgün deyil. Dövlət vətəndaşına sahib çıxmalıdır".

Son illərin təcrübəsi göstərir ki, banklarla vətəndaşların problemi yarananda əksər hallarda məhkəmələr ədaləti üzə çıxarmaq əvəzinə, daha çox resursu və gücü olan bankların tərəfində durur. Beynəlxalq təcrübə isə göstərir ki, belə halda hökumətin problemə müdaxilə etməsi olduqca vacibdir. Amma Azərbaycan Konstitusiya Məhkəməsinin manatın devalvasiyasından sonra verdiyi şərh də göstərli ki, nəyin bahasına olursa-olsun, problemli kreditləri vətəndaşlar vasitəsilə həll etməyə çalışılır. Təbii ki, bu cür siyasət doğru deyil. Çünki bu ona gətirib çıxarır ki, vətəndaşlar bir növ diskriminasiyaya məruz qalır. Bir tərəfdən düşdüyü çıxılmaz vəziyyət, digər tərəfdən isə ədalətsiz qərarlar sonda insanları ən yaxşı halda özünə qəsd etməyə sürükləyir. Təkcə bu ilin ilk altı ayında 11 nəfər kredit probleminə görə çıxılmaz vəziyyətdə qalaraq özünə qəsd edib. Hüquqşünaslar isə deyir ki, borclu kreditə görə yalnız öz əmlakı ilə məsuliyyət daşıyır. Əmlakı yoxdursa, kredit ödənilmir və buna görə borcluya qarşı heç bir tədbir görülə bilməz. Demək, bu kimi problemlərin yaranmaması və insanların faciəsinin qarşısının alınması üçün vətəndaşların maarifləndirilməsi, notarius və məhkəmələrin qanun çərçivəsində fəaliyyət göstərməsi, bankların kredit verərkən ciddi araşdırma aparması vacibdir.

Xalid VAHİDOĞLU
AzNews.az