Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 9% üstələyərək 12,4 mlrd. manat olub. Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, 9 ay ərzində pərakəndə ticarət şəbəkəsində hər bir ölkə sakininə orta hesabla ayda 150,3 manatlıq və ya 2011-ci ilin eyni dövründəkindən 12,5 manat və ya 9,1% çox əmtəə realizə edilib.

"Pərakəndə ticarət dövriyyəsi üzrə real artımın 4,7%-i hüquqi şəxslərin, 63,2%-i hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət müəssisələrinin, 32,1%-i isə yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranıb", - deyə Komitədən bildirilib.

Pərakəndə ticarət dövriyyəsinin 99,6%-i özəl müəssisələrin fəaliyyəti nəticəsində formalaşıb, bu müəssisələrdə 12 389,7 mln. manatlıq və ya 2011-ci ilin 9 ayı ilə müqayisədə 9,1% çox istehlak malları satılıb. Özəl sektor üzrə real artımın 5,8%-i hüquqi şəxs statuslu şəxslərin, 62,5%-i fərdi sahibkarların ticarət müəssisələrində, 31,7%-i isə bazar və yarmarkalarda yaranıb.

AzNews.az