Qızılın da qiyməti düşdü

Neftin qiymətinin ucuzlaşması ilə bərabər dünya bazarında qızılın qiyməti də ucuzlaşmağa başlayıb.


COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 0,90 dollar azalaraq 1 117,50 dollara, gümüş isə 0,04 dollar azalaraq 15,26 dollara satılıb. Qızılın qiymətinin son dövrlərdə dəyişikliyə məruz qalması bir sıra səbəblə izah edilir. Bunun səbəblərindən biri dünya valyuta bazarında olan qeyri-sabit vəziyyətdir. Belə ki, avro və dolların bir-birinə olan münasibəti son bir ay ərzində təqribən 15 faizə yaxın dəyişib. Valyuta bazarındakı kəskin dəyişiklik qızıl bazarına da təsirsiz ötüşməyib.
Hazırda dünya bazarında qızılın qiyməti psixoloji həddən aşağı düşüb.

AzNews.az xəbər verir ki, məsələyə münasibət bildirən iqtisadçı Vüqar Bayramov deyir ki, dünya bazarında qızılın qiymətinin ucuzlaşması bir neçə səbəblə bağlıdır:



"Son 1 ildə 16, yarım ildə 15 faiz dəyər itirən qiymətli metalın qramı artıq psixoloji həddən də aşağı düşməklə sözügedən bazarda ciddi durğunluq yaradıb. Eyni zamanda son 5 ildə qızılın 8 faiz ucuzlaşması qeydə alınıb. Dünya bazarına qızıla tələbin azalması, bir sıra ölkələrinin öz ehtiyatlarını satışa çıxarması və eləcə də investorların sözügedən bazardan öz vəsaitlərini tədricən çəkməsi qiymətli metalın "qiymətsizləşdirən" əsas səbəblərdən hesab edilir. Qızılın qiymətinin ucuzlaşmasına təsir edən digər amil isə bu qiymətli metala zinət əşyası kimi marağın azalmasıdır. Hazırda isə dünya bazarında inflyasiya minimuma enib, səhmlərin qiymətləri isə artmağa başlayıb və dollar güclənir".

İqtisadçının qənaətinə görə, bütün bunlar qızılın investisiya baxımından cəlbediciliyini azaldır:

"Qızılın dünya bazar qiymətinin azalması və yeni qlobal iqtisadi böhran qorxusu inkişaf etməkdə olan ölkələrdə qızıla tələbatı artırdı. 24,7 ton qızıl alan Qazaxıstan Mərkəzi Bankı öz qızıl ehtiyatlarını 181,9 tona çatdırıb. MDB-nin digər üzvü olan Rusiya isə 7,23 ton qızıl alaraq öz ehtiyatlarını 1113 tona yüksəldib. Bir müddət öncə qızılın qiymətinin artmasının digər səbəbi isə neft və valyuta bazarında müşahidə edilən çalxalanmalar fonunda investorların öz pullarını daha az riskli istiqamətə yönəltməsi ilə bağlı idi. Hazırda isə 2008 və 2009-cu illərdə ehtiyatlarının bir qismini qızıla çevirən bir sıra ölkələr o cümlədən Çin və Hindistanda qızıl külçələr və sikkələri ötən ildən başlayaraq bazara çıxarıblar ki, bu da qızıl təklifinin artmasına səbəb olub. Qızılın qiymətindəki dəyişikliklər valyuta bazarında son zaman müşahidə olunan tendensiya ilə də bağlıdır. Dolların möhkəmlənməsi qızıl bazarına iqtisadi və psixoloji təsir göstərir. Digər tərəfdən, qızıl bazarında spekulyativ oyunlar da kifayət qədər yüksəkdir və bu da qiymətlərin dəyişməsini şərtləndirir. Dünya bazarındakı dəyişikliklər Azərbaycanda qızılın qiymətinə təsir göstərməkdədir. İdxalın ucuzlaşması nəticəsində daxili bazarda son 1 ayda 7 faizə yaxın azalma qeydə alınıb".