“Azər-Türk Bank“da daha bir kadr dəyişikliyi

"Azər-Türk Bank" ASC-də daha bir kadr dəyişikliyi baş verib.


AzNews.az APA-ya istinadən xəbər verir ki, Axundov Kamran Alik oğlu bankın plastik kartlarla iş departamentinin rəhbəri təyin olunub.

Qeyd edək ki, K. Axundov bundan öncə "Bank Technique" ASC-də baş direktor, biznesin inkişafı departamentinin direktoru vəzifəsində çalışıb.

K. Axundovadək bu vəzifəni Ceyhun Rəhimov tutub. Hazırda C. Rəhimov "Azericard" MMC-nin baş direktorudur.

K. Axundov 1981-ci ildə iyunun 17-də Bakı şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini bakalavr, 2004-cü ildə isə magistr dərəcəsi üzrə bitirib. 2004-2005-ci illərdə "Avropa LTD" şirkətində mühasib vəzifəsində çalışdıqdan sonra, 2005-2012-ci illər ərzində Azərbaycan Beynəlxalq Bankında xidmət bölməsinin mütəxəssisi vəzifəsindən Pərakəndə biznes departamenti, "ABB-Premyer" Müştəri xidmətlərində rəhbər müavini vəzifəsinədək yüksəlib. 2012-ci ilin iyun ayından "Bank Technique" ASC-də çalışıb.

Ailəlidir, 2 övladı var.