“Azərbaycanın “Avronest”dən çıxması gələcəkdə ölkəmiz üçün önəmli olan TANAP layihəsinin reallaşmamasına və investisiya proqramlarının həyata keçirilməsinin nisbətən gecikdirilməsinə səbəb ola bilər”. “Azərbaycanın “Avronest”dən çıxması gələcəkdə ölkəmiz üçün önəmli olan TANAP layihəsinin reallaşmamasına və investisiya proqramlarının həyata keçirilməsinin nisbətən gecikdirilməsinə səbəb ola bilər”.

“Avropayla gərginlik tez bir zamanda aradan qalxacaq” – Ekspert

“Azərbaycanın “Avronest”dən çıxması gələcəkdə ölkəmiz üçün önəmli olan TANAP layihəsinin reallaşmamasına və investisiya proqramlarının həyata keçirilməsinin nisbətən gecikdirilməsinə səbəb ola bilər”.


Bunu AzNews.az-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov Azərbaycanın "Avronest"dən çıxması ilə bağlı qərarı şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycanın növbəti dövrlərdə çətinliklərlə üzləşməsi mümkündür: "Hazırda Avropa Azərbaycanın ən böyük xarici tərəfdaşıdır. Amma bu ticarətin böyük bir qismi enerji sektorunun üzərində fokuslanıb. Yəni, Avropa Azərbaycandan enerji məhsullarının idxalçısıdır. Azərbaycanın hazırda öz enerji məhsullarını Şərqi Asiyaya və digər bazarlara çıxarmaq imkanı olmadığı üçün bu məhsulları hazırkı marşrutlar çərçivəsində Avropaya satmağa məcburdur. Ümumilikdə Avropa Birliyi, Avropa ölkələri və Azərbaycan arasında yaranmış gərgin vəziyyət iqtisadi baxımdan ölkəmiz üçün heç də ciddi problemlərə gətirib çıxarmayacaq. Lakin Avropa ölkələrinin Azərbaycanla bağlı investesiya siyasətinə yenidən baxması mümkün ola bilər".



R.Həsənovun sözlərinə görə, bu qərar TANAP layihəsinin reallaşdırılması üçün müəyyən problemlər yarada bilər: "TANAP layihəsinin reallaşdırılmaması və investisiya proqramlarının həyata keçirilməsinin nisbətən gecikdirilməsi, bəzi hallarda daha radikal qərarların verilməsi və Avropa şirkətlərinin bu layihələrdə iştirakının müəyyən qədər məhdudlaşdırılması mümkündür. Amma bu, ən son verilə biləcək qərardır. Sonrakı dövrlərdə bu kəmərin gücünün artırılması məsələlərində razılığın əldə olunması ilə bağlı problemlər ortaya çıxa bilər. Bu da Azərbaycan üçün arzu olunan bir hal deyil. Enerji bazarının öz xüsusiyyətləri var. Bir çox hallarda enerji bazarı bu kimi gərgin vəziyyətlərdən kənarda saxlanılır. Buna görə də Avropa Birliyi və Azərbaycan münasibətlərinin korlanması sadəcə olaraq ölkəmizin qeyri-neft sektorunun Avropaya girişinə müəyyən təsirlər göstərə bilər".

Ekspert Azərbaycan məhsullarının Avropa bazarına idxalı məsələsinə də toxunub. Bildirib ki, əgər məhsulların keyfiyyəti Avropa bazarlarına uyğundursa və azərbaycanlı sahibkarların bu məhsulları Avropa bazarına təqdim etmək imkanları və kontakları varsa, bu kimi hallarda hansısa maneələrin olacağını əvvəlcədən proqnazlaşdırmaq çətin olur: "Həmçinin olmayacağını da demək mümkün deyil. Hazırda münasibətlərin korlanmasından Azərbaycanın itirəcəyi ən böyük iqtisadi amil, xüsusilə ölkəmizə bundan sonrakı dövrlərdə Avrozonadan, Avropa Birliyi ölkələrindən, ümumiyyətlə Avropadan investisiya axının həcminin azalması ola bilər. Nəzərə alsaq ki, ölkənin hazırki vəziyyətdə həm neft, həm də qeyri-neft sektorunda xarici investisiyalara çox ciddi ehtiyacı var, bundan sonrakı dövrdə qeyri-neft sektorunun inkişafı mütləqdir. Hazırda neft sektorunda da daha iri həcmli investisiya tələbi formalaşıb. Bu baxımdan Azərbaycanın növbəti dövrlərdə hansısa formada çətinliklərlə üzləşməsi mümkündür".

Ekspertin fikrincə, münasibətlər yaxın zamanlarda hər iki tərəfin xeyrinə uyğun olaraq düzələcək: "Hazırda bu baş verənlərin neftin qiyməti ilə heç bir əlaqəsi yoxdur. Hesab edirəm ki, neftin mövcud əməkdaşlığı çərçivəsində enerji bazarında ciddi əngəllər ortaya çıxmayacaq. Belə ki, Azərbaycanın əleyhinə qəbul olunmuş qətnamənin qəbul olunmasında iştirak edən dövlətlərdən biri İtaliyadır. Halbuki, İtaliya Azərbaycanın ən böyük enerji tərəfdaşı, ölkəmizdən Avropaya ixrac olunan neft məhsullarının bir qismini alandır. İtaliya hazırda bu məhsulları almağa da məcburdur. Gələcəkdə əməkdaşlıqla bağlı müəyyən problemlər ola bilər. Avropa Birliyi özü çox yaxşı dərk edir ki, Azərbaycana bu kimi sahələrdə, xüsusilə enerji sahəsində hansısa təzyiqin formalaşdırılması və ögey münasibətin göstərilməsi onu Rusiyaya yaxınlaşdıra bilər. Azərbaycana təzyiqlər artdıqca ölkəmiz Rusiya kimi dövlətlərə daha çox meyl edib, onlarla yaxınlaşır. Hazırda baş verən gərginlik uzun müddətli olmayacaq. Hesab edirəm ki, tez bir zamanda bu gərginlik hər iki tərəfin xeyrinə aradan qaldırılacaq. Xüsusilə də Azərbaycanın buna ehtiyacı var".

Sevinc Yasinqızı
AzNews.az