Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olub, vəziyyəti ağırdır

16.11.2025-ci il tarixində saat 13:20 radələrində Ağdərə rayon Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Aznews.az xəbər verir ki, pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub.

Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Bərdə kənd sakini Əliyev Natiq Namiq oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

AzNews.az