“Moskva sülh yox, təslim şərtləri diktə edir” - Elçin Xalidbəyli

“Təbii ki, Peskovun səsləndirdikləri Rusiyanın növbəti siyasi manipulyasiyalarından başqa bir şey deyil. Hazırkı vəziyyətdə həm savaşın başlanmasının, həm də uzanmasının başlıca məsuliyyətini Rusiya daşıyır. Bu ölkə beynəlxalq hüquqa zidd olaraq, müstəqil dövlət kimi tanınmış Ukraynanın ərazilərinə hərbi təcavüz edib və həmin ərazilərin müəyyən hissəsini işğal altında saxlayır. İndi isə Moskva savaşın dayandırılması üçün müxtəlif qəbulolunmaz şərtlər irəli sürür. Bu da göstərir ki, Kremlin məqsədi sülh deyil — Rusiya savaşı yalnız o halda dayandırmağa razılaşa bilər ki, özünün irəli sürdüyü qeyri-real tələbləri həm Ukraynaya, həm də ABŞ və ümumilikdə Qərb ölkələrinə qəbul etdirə bilsin”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Xatırladaq ki, Kremlin mətbuat katibi Dmitri Peskovun Ukrayna münaqişəsinə dair açıqlaması diqqət mərkəzinə çevrilib. O, bəyan edib ki, müharibə yalnız Rusiya qarşısına qoyduğu məqsədlərə nail olduqdan sonra başa çatacaq. Peskovun sözlərinə görə, Moskva münaqişənin mümkün qədər tez sona çatmasında maraqlıdır və hər zaman vurğulandığı kimi, problemin həllində diplomatik yanaşmaya sadiq qalır.

Siyasi şərhçi qeyd edib ki, əks halda Kreml müharibəni davam etdirməkdə israrlı olacaq.

"Halbuki Rusiyanın həm hərbi, həm də iqtisadi potensialı tükənmək üzrədir və bu savaşın uzun müddət davam etdirilməsi üçün resursları sürətlə azalır. Buna baxmayaraq, Rusiyanın neoimperialist siyasi dairələri hələ də maksimalist mövqedən çıxış edərək, beynəlxalq münasibətləri öz maraqlarına uyğunlaşdırmağa çalışırlar. Lakin görünən odur ki, Kreml bu məqsədlərinə nail ola bilməyəcək. Çünki, bir daha qeyd etdiyim kimi, Rusiyanın resurs və potensialı artıq bu ambisiyalara cavab vermir. Sadəcə, son dövrlərdə Tramp administrasiyasının bir sıra ziddiyyətli addımları Moskvanın hələ də bu savaşda nisbətən güc nümayiş etdirməsinə şərait yaradır. Əgər Ağ Ev daha prinsipial və qətiyyətli mövqe nümayiş etdirərsə, Rusiyaya qarşı sərt addımlar atılarsa, bu ölkə üçün daha ağır və qaranlıq bir mərhələ başlaya bilər. Hazırkı situasiyaya baxdıqda isə, savaşın yaxın müddətdə bitməsi ehtimalı az görünür. Böyük ehtimalla münaqişə gələn il də davam edəcək və əgər bu baş verərsə, o zaman Rusiyanı daha ağır və dərin böhranlı bir dövrün gözlədiyini söyləmək olar".

Rəfiqə Namazəliyeva,

AzNews.az