“Qız uşaqlarının təhsili regionlarda əvvəlki illərə nisbətən yaxşılaşıb” - Ramin Nurəliyev

"Əvvəlki illərdə gender problemi ciddi şəkildə orta ümumtəhsil məktəblərində müşahidə olunurdu. Hətta regionlarda, xüsusilə bəzi bölgələrimizdə bu problem daha qabarıq şəkildə diqqəti cəlb edirdi. Amma müəyyən addımlar atıldı. Bununla bağlı qeyri-hökumət təşkilatları, həm dövlət tərəfindən göstərilən diqqət və qayğı, təlimlər, konfranslar və təbliğat-təşviqat kampaniyaları həyata keçirildi. Eyni zamanda, qeyri-hökumət təşkilatları və ictimai birliklər də bu istiqamətdə fəal addımlar atdılar. Eləcə də Elm və Təhsil Nazirliyi bir neçə təşkilatla birlikdə müvafiq tədbirləri həyata keçirdi və bunun müsbət nəticəsini artıq görürük. Düzdür, hazırda regionlarda bəzi hallara hələ də rast gəlinir, xüsusilə erkən nikah və bununla bağlı problemlər davam edir. Amma əvvəlki illərlə müqayisədə çox irəliləyişlər var. Məsələn, əvvəllər regionlarda qız uşaqlarının 9-cu sinfdən sonra orta ümumtəhsil məktəblərinə davam etməsinə o qədər də xoş baxılmırdı. İndi isə qız uşaqlarının rahat şəkildə orta məktəblərə gedə bilməsi təmin olunub. Valideynlər artıq məlumatlıdır və qız övladlarının oxumasının vacibliyini dərk edirlər".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, son illərdə Azərbaycanda qız uşaqlarının təhsildən yayınması, erkən nikah hallarının artması və gender stereotiplərinin məktəb mühitinə təsiri cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu kontekstdə, məktəblərdə bərabər imkanların təmin edilməsi, qız və oğlan uşaqlarının təhsildə eyni səviyyədə iştirak etməsi və gender mövzusunda maarifləndirmə proqramlarının gücləndirilməsi aktual məsələlərdən biridir.

Ekspert qeyd edib ki, qız uşaqları təhsilli olduqda, gələcəkdə həm özünü təmin edə bilir, həm hüquqlarını qoruyur, həm də sosial məsələlərdə məlumatlı olur.

"Təhsilsiz biri cəmiyyətdə müəyyən mövqe tuta bilmir. Əvvəllər bu ciddi bir problem idi, lakin artıq öz həllini tapmağa doğru böyük uğurlar əldə edilib. Məsələn, müxtəlif bölgələrdə qız abituriyentlərin yüksək bal topladığı müşahidə olunur. Bu, atılan addımların və təbliğat kampaniyalarının öz bəhrəsini verdiyini göstərir. Əvvəllər oğlan uşaqları daha çox yüksək bal toplayırdı, qız uşaqları isə orta məktəbin yuxarı siniflərinə davam etməkdə çətinlik çəkirdi. İndi isə vəziyyət xeyli yaxşılaşıb; təxminən 70-80% problem öz həllini tapıb. Hələ 15-20% kənd yerlərində erkən nikah və təhsildən yayınma halları mövcuddur ki, bu da zamanla həll olunacaq. Qız uşaqlarının təhsildən yayılması və erkən nikah halları cəmiyyət üçün böyük fəlakətdir. Bir qız uşağı gələcəkdə ana və ailə başçısı olacaqsa, ali təhsili olmadığı təqdirdə övladına düzgün bilik və bacarıq verə bilməyəcək. Ana təhsilli olarsa, düzgün təhsilli övlad yetişdirə bilər. Buna görə də qız uşaqlarının təhsil alması cəmiyyətin inkişafı üçün həyati vacibdir. Özüm də əvvəllər bu istiqamətdə layihələr həyata keçirmişəm. Regionlarda təlimlər, seminarlar və erkən nikahla bağlı maarifləndirmə kampaniyaları aparmışıq. Bu təbliğat-təşviqat işləri nəticəsini verdi və hələ də davam etdirilməlidir. Seminarlar, konfranslar və təlimlər davam etdirildiyi təqdirdə, qalan 15-20% problem də həll olunacaq. Qız uşaqları konkret olaraq oxumalı və təhsilli olmalıdır. Təhsilli ana isə gələcəkdə düzgün təhsilli övlad yetişdirə bilər. Valideynlərə və cəmiyyətə bu istiqamətdə məlumatlılıq və maarifləndirmə işləri davamlı olaraq çatdırılmalıdır ki, hər bir qız uşağı öz hüquqlarını və təhsil imkanlarını əldə edə bilsin".

Rəfiqə Namazəliyeva,

AzNews.az