Çörək istehsalına qadağa qoyuldu

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Alatava 165/c ünvanında fəaliyyət göstərən fiziki şəxs Əsgər Nəcəfova məxsus müəssisədə çörək istehsalına dövlət nəzarəti aparılıb.

Komitənin mətbuat xidmətindən AzNews.az-a verilən məlumat görə, araşdırma zamanı müəyyən olunub ki, istehsal olunan buğda unundan çörək məhsuluna müəyyən edilmiş qaydada təsdiq olunmuş reseptura və texnoloji təlimat olmadan müəssisə fəaliyyət göstərir, istehsal olunan məhsulların müvafiq keyfiyyətdə sabit istehsalına şərait yoxdur, xammalların və hazır məhsulların saxlandığı anbar mövcud sanitar normalara cavab vermir. Bundan başqa, müəssisədə istehsal olunan məhsulun müayinəsi üçün sınaq bölməsi (laboratoriya) yoxdur, sınaqların aparılması üçün hər hansı laboratoriya ilə müqavilə bağlanmayıb.

Məhsul istehsalında istismar olunan ölçmə vasitələri "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanuna zidd olaraq müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur. Faktla bağlı inzibati protokol tərtib edilib, müəssisə rəhbəri cərimələnib, "Standartlaşdırma haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Yeyinti məhsulları haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunlara əsasən fiziki şəxs Əsgər Nəcəfova məxsus müəssisədə buğda unundan çörək istehsalı və satışı qadağan edilib.

Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 25/28 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rahilə Hacıyevaya məxsus müəssisədə də dövlət nəzarəti tədbirləri həyata keçirilib. Araşdırma zamanı müəyyən olunub ki, müəssisə ГОСТ 27842 (bənd 1.1) standartına və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna zidd olaraq istehsal olunan məhsul üçün müvafiq qaydada təsdiq olunmuş reseptura və texnoloji təlimat olmadan fəaliyyət göstərir, istifadə olunan xammalların sertifikatları yoxdur, məhsulların istehsalında istismar olunan ölçmə vasitələri ГОСТ 8.513-84 standartının tələbləri və "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanuna zidd olaraq müqayisəli yoxlamadan keçməmiş istifadə olunur. Həmçinin, müəssisədə sabit keyfiyyətli məhsul istehsalı üçün sanitar norma və qaydaların tələblərinə cavab verən şərait yoxdur. Aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq inzibati protokol tərtib edilib, fiziki şəxs Rahilə Hacıyevanın rəhbərlik etdiyi sexdə dairəvi çörəyin istehsalı və satışı qadağan edilib.

Həmçinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhəri, 7,8, 12-ci məhəllə ünvanında fəaliyyət göstərən fiziki şəxs Afaq Piriyevə məxsus müəssisədə çörək istehsalına dövlət nəzarəti həyata keçirilib. Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə istehsal olunan məhsulun müəyyən edilmiş qaydada təsdiq edilmiş texnoloji prosesi reqlamentləşdirən texnooji təlimatı və resepturası yoxdur. Nəticədə normativ sənəd AZS 090-2003 (bənd 3.1.) standartının tələbləri pozularaq texnoloji prosesə əməl olunmadan sanitar norma və qaydalara riayət edilmədən məhsul istehsal edilir. Çörək AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına zidd olaraq sertifikatlaşdırılmadan istehsal olunur ki, bu da "Yeyinti məhsulları haqqında" qanunun tələbinə ziddir. Müəssisədə laboratoriya yoxdur, hər hansı bir akkreditasiya olunmuş sınaq laboratoriya ilə bağlanmış müqavilə mövcud deyil və məhsul sınaqları aparılmır. İstismarda olan ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməyib. Bu və digər nöqsanlarla əlaqədar olaraq inzibati protokol tərtib edilib, fiziki şəxs Afaq Piriyevə məxsus müəssisədə çörək istehsalı və satışı qadağan edilib.

Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Şamaxı şəhəri, 41-ci məhəllə ünvanında fəaliyyət göstərən fiziki şəxs Qahir Dəmirova məxsus müəssisədə də çörək istehsalına dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə istehsal olunan çörəyin uyğunluq sertifikatı yoxdur, istehsal şəraiti sanitar norma və qaydalara uyğun deyil, xammalların saxlanması üçün şərait mövcud deyil. Aşkar olunmuş faktla əlaqədar olaraq fiziki şəxs Qahir Dəmirova məxsus müəssisədə çörək istehsalı və satışı qadağan edilib.

Bundan başqa, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Şamaxı şəhəri, "Bənövşə" restoranının yanında fəaliyyət göstərən fiziki şəxs Tağı Cəfiyevə məxsus müəssisədə çörək istehsalına dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə istehsal olunan çörəyin uyğunluq sertifikatı yoxdur, istehsal şəraiti sanitar norma və qaydalara uyğun deyil, xammalların saxlanması üçün şərait mövcud deyil. Aşkar olunmuş faktla əlaqədar olaraq fiziki şəxs Tağı Cəfiyevə məxsus müəssisədə çörək istehsalı və satışı qadağan edilib.

Dövlət Nəzarəti Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən Şirvan şəhəri, T.İsmayılov küçəsində fəaliyyət göstərən fiziki şəxs Ziya Əliyevə məxsus sexdə dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən olunub ki, məhsulun istehsalı zamanı istehsal prosesində istifadə olunan xammalların (unun, duzun, mayanın və yağın) gigiyenik və uyğunluq sertifikatları yoxdur, un istehsal sahəsində saxlanılır, hazır məhsul stellajlara yığılmır və üstü natəmiz polietilen parça ilə örtülür. Aşkar olunmuş faktlarla əlaqədar olaraq inzibati protokol tərtib edilib, fiziki şəxs Ziya Əliyevə məxsus çörəkbişirmə sexində məhsul istehsalı və satışı qadağan edilib.

Xidmətin Lənkəran Ərazi İdarəsi tərəfindən Lənkəran şəhəri, 46-cı məhəllə ünvanında fiziki şəxs statusu ilə fəaliyyət göstərən Hikmət Hüseynova məxsus çörəkbişirmə sexində də dövlət nəzarəti tədbirləri həyata keçirilib. Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə çörək AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına zidd olaraq sertifikatlaşdırılmadan istehsal olunur, məhsulun istehsalı üçün texnoloji təlimat və reseptura yoxdur, istifadə olunan ölçmə vasitələri "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanuna zidd olaraq müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur.

Həmçinin, müəssisənin sınaq laboratoriyasının olmadığı, məhsulların sınaqlarının aparılmadığı, anbarda xammalların saxlanma rejiminə əməl olunmadığı da müəyyən olunub. Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq protokol tərtib edilib, müəssisə rəhbəri cərimələnib, fiziki şəxs Hikmət Hüseynova məxsus sexdə çörəyin istehsalı və satışı qadağan edilib.

Elnarə
AzNews.az