Fərhad Mehdiyev: "İndiki halda İranın hədə-qorxu gəlməsi və təhdidlər səsləndirməsi bir qədər anlaşılan deyil" Fərhad Mehdiyev: "İndiki halda İranın hədə-qorxu gəlməsi və təhdidlər səsləndirməsi bir qədər anlaşılan deyil"

"Qarşıdurmalar qətiyyən İranın xeyrinə olmayacaq"

Fərhad Mehdiyev: "İndiki halda İranın hədə-qorxu gəlməsi və təhdidlər səsləndirməsi bir qədər anlaşılan deyil"

Ötən həftə Münhendə keçirilən Təhlükəsizlik üzrə konfransda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İsrailin hərəkətlərinin Yaxın Şərqdə müharibəyə gətirib çıxaracağını bildirib. İranın baş diplomatı İsraili Suriyadakı bombardmanlarla beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib. Bundan başqa o , Avropanı olanlara biganə qalmaqda suçlayıb.

“Müharibə riski böyükdür. Əgər beynəlxalq hüququn pozulmasına göz yumulmağa davam edilsə, risk daha da böyüyüəcək” - deyə, iranlı nazir xəbərdarlıq edib.

Mövzunu politoloq Fərhad Mehdiyevlə davam etdirdik.

O, AzNews.az-a açıqlamasında getdikcə gərginləşməkdə olan İran-İsrail münasibətlərini və hər iki ölkənin hərbi potensialını dəyərləndirdi:

“İranın elə bir gücü yoxdur ki, hərbi hava qüvvələrinin hesabına İsrailə zərbə endirsin. Nə də ki, İranın dəqiqliyə sahib olan ballistik raketləri yoxdur. Raketləri var, amma dəqiqliyə sahib deyil. Belə silahları istifadə etmək isə müharibə qanunlarına ziddir. Çünki o yaşayış binalarının üzərinə düşə bilər. Eyni zamanda, İranın dəniz donanması da İsrailə zərbə yetirəcək gücdə deyil. İsrailin özünün hava və digər hücumlara qarşı çox gözəl müdafiə sistemləri var. Qaldı ki İsrailə, bəli, bu ölkə öz hərbi hava qüvvələri ilə İran səmalarında uğurlu əməliyyatlar keçirə bilər. Ona görə də bu kimi qarşıdurmalar qətiyyən İranın xeyrinə olmayacaq. İndiki halda İranın hədə-qorxu gəlməsi və təhdidlər səsləndirməsi bir qədər anlaşılan deyil”.

Politoloq qeyd etdi ki, İsrailin İrana qarşı müharibə etməsi ehtimalı azdır. Çünki İranın Hizbullah üzərindəki təsiri çox güclüdür. (Hizbullah İranda İslam inqilabının qələbəsindən ruhlanaraq 1982-ci ildə Livanın cənub hissəsini işğal etməkdə olan İsrail qüvvələrinin həmin ərazilərdən çıxarılması məqsədilə yaradılıb - müəllif).

“İran daim Hizbullahı hərəkətə keçirir və bunun vasitəsilə İsraili incidə bilər. İsrail də bunu bilir. Bu səbəbdən düşünürəm ki, İsrail İrana qarşı qəti addımlara əl atmayacaq. Amerika Birləşmiş Ştatlarının İranı çökdürmək siyasətinin olduğunu qeyd etsək belə, o, bunu İsrailin əli ilə etməyəcək. ABŞ-ın bunu edəcəyi bir vasitə varsa, o da İran daxilində qarşıdurma yaratmaqdır”.

Beynəlxalq təşkilatların, xüsusən də Avropa Birliyinin İran-İsrail məsələsinə biganəliyinə gəldikdə isə F.Mehdiyev vurğuladı ki, Avropa Birliyinin İsrailin siyasətinə qarşı heç bir həssaslığı yoxdur, deməklə səhv etmiş olarıq:

“Bir məsələni qeyd etmək lazımdır ki, Aİ-nin vahid, razılaşdırılmış bir xarici siyasəti yoxdur, yəni onun xarici siyasətini həyata keçirən müvafiq qurumları yoxdur. Avropa İttifaqına üzv olan dövlətlər xarici siyasətdə müəyyən bir sərbəstliyə sahibdirlər. Sırf İsrail-İran münasibətlərinə gəldikdə, Avropa İttifaqı dövlətləri bu məsələdə bir az məsafə saxlayırlar”.

Xatırladaq ki, bu il yanvarın 21-də İsrailin Kəşfiyyat və nəqliyyat naziri İsrael Kats ölkəsinin İranla açıq qarşıdurmaya girdiyini və rəsmi Tehranın Suriyada möhkəmlənməsi durumunda münaqişəni dərinləşdirməyə hazır olduğunu deyib.

İ.Katsın bəyanatına cavab olaraq isə İran Hərbi-hava qüvvələrinin komandanı, general Əziz Nasirzade müharibəyə hazır olduqlarını və bunun yekununun İsrailin məhv edilməsi ilə nəticələnəcəyini söyləmişdi.

Elgün
AzNews.az