10 uşaq satmaqda ittiham olunan qadın azadlığa çıxdı

Yuliya Suslyak: Mənim işim tam uydurmadır

Tbilisi şəhər məhkəməsi 10 uşaq satmağa cəhddə ittiham olunan Ukrayna vətəndaşı Yuliya Suslyakı azad edib, işi Ukraynaya göndərib.

AzNews.az xəbər verir ki, bu barədə vəkil Zurab Todua bildirib.

Apreldə Gürcüstan DİN yetkinlik yaşına çatmayanların ticarətində ittiham olunan 37 yaşlı Ukrayna vətəndaşının saxlanıldığını bildirib.

Nazirliyin məlumatına görə, aprelin 9-da qadın Moskvadan Tbilisiyə 10 uşaqla gəlib və Abxaziyaya getməyi planlaşdırıb.

DİN araşdırmağa başlayıb ki, qadın uşaqları intoksikasiya əlamətləri ilə Zuqdidi şəhər xəstəxanasına gətirib. Sənədlərdə dörd uşağın eyni ildə anadan olması hüquq-mühafizə orqanlarında şübhə yaradıb.

İstintaqın məlumatına görə, qadın uşaqlara aqressiv münasibət bəsləyib və onları pis şəraitdə saxlayırmış. Ona “yetkinlik yaşına çatmayanların ticarəti” maddəsi ilə iş açılıb. Təqsirləndirilən şəxs 14 ildən 17 ilədək azadlıqdan məhrumetmə ilə hədələnib.

DİN həmçinin iddia edirdi ki, qadın Ukraynadan Rusiyaya 11 uşaq aparıb, sonra isə Gürcüstana on uşaqla gəlib, tezliklə qurum on birinci uşağın taleyini öyrənməyə başlayıb.

"Müdafiə etdiyim şəxs azad edilib. Dünən məndən telefonla xahiş etdilər ki, biz Kiyevə bilet alaq, amma biz bunu etmədik. Sabah mətbuat konfransı keçiriləcək və Yuliya hər şeyi danışacaq. Daha heç bir şey düşünə bilmədilər və buna görə də məsələni Ukraynaya yönəltdilər", - deyə vəkil jurnalistlərə bildirib.

Suslyak, öz növbəsində günahını etiraf etmir.

"Mənim işim tam uydurmadır. Hətta bunu edənlərin adlarını da bilirəm və əgər onlar sakitləşməsələr, adlarını çəkəcəm",- deyə o jurnalistlərə açıqlama verib.

Babək Göyüş

AzNews.az