"Ehtiyacımız yoxdur!" - İran Trampın kömək təklifini rədd etdi

"Yeri gəlmişkən, Amerika xalqını da unutmayın"

“Dünyanın ən yaxşı, ən cəsur, ən təsirli tibbi heyətinə sahibik və Amerika həkimlərinə ehtiyacımız yoxdur”.

AzNews.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi özünün “Twitter” səhifəsində yazıb.

ABŞ Prezidenti Donald Tramp dünən Vaşinqtonda İrlandiyanın Baş naziri Leo Varadkar ilə görüşü zamanı İranın böyük bir problemlə üz-üzə olduğunu bildirib və bu ölkəyə kömək təklif edib. "Dünyanın ən yaxşı həkimləri bizdədir", - deyə Tramp bildirib.

Abbas Musəvi Trampa cavab olaraq "Amerikalı həkimlərə ehtiyacımız yoxdur" deyib və əlavə edib ki, rəsmi Vaşinqton koronavirus pandemiyası ilə mübarizədə öz xalqının qayğısına qalmalıdır:

“İkiüzlü mərhəmət göstərib, alçaldıcı formada lovğalanmaq əvəzinə iqtisadi və tibbi terrorunuzu dayandırın ki, dərman və digər tibbi avadanlıqlar səhiyyə işçilərimizə və İran xalqına çatsın. Yeri gəlmişkən, Amerika xalqını da unutmayın”, - deyə nazirliyin rəsmisi bildirib.

Pərvanə