“Qara polkovnik”in oğlunun həbs müddəti uzadıldı

Nərimanov rayon Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının Dubay filialının həbsdə olan sabiq müdiri Adil Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.



Adil Hüseynovun vəkili Kamandar Nəsibovun verdiyi məlumata görə, həbs müddətinin iyun ayının 2-dək uzadılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı ilə bağlı başlanılan cinayət işi üzrə saxlanılan şəxslərin həbs müddətinin uzadılmasına bir müddət əvvəl başlanılıb. Həmin iş üzrə saxlanılan şəxslərin bir neçəsinin həbs müddəti məhkəmənin qərarı ilə uzadılıb.

Onu da bildirək ki, A.Hüseynov Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmiş "Qara polkovnik" kimi tanınan Fətulla Hüseynovun oğludur.

Azərbaycan Beynəlxalq Bankında baş vermiş maliyyə pozuntuları ilə bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və digər maddələrinə əsasən cinayət işi başlanılıb. Bankdan yüksək məbləğdə kredit götürərək vəsaitləri qaytarmayan bankın sabiq məsul vəzifəli əməkdaşları və iş adamları - Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev, Beynəlxalq Bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucov, Azərbaycan Beynəlxalq Bankın Dubay filialının müdiri Adil Hüseynov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security" MMC-nin baş direktoru İbrahim Hüseynov, "Azərinşaatservis" MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, "Azərinşaatservis" MMC-nin təsisçisi olduğu "Trek İnvest" SC-nin direktor əvəzi Əli Əlişov və "İnter Glass" ASC-nin direktoru Fariz Muradov və digər bir neçə nəfər həbs olunub.

Bundan əlavə, bankın sabiq rəhbəri Cahangir Hacıyev də həbs edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

APA.az