“Reket jurnalist” həbs edildi - 4 ay müddətinə

"Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev barəsində həbs-qətimkan tədbiri seçilib.


APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsində "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmənin qərarı ilə H.Vəliyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti son günlər respublika ərazisində "reket jurnalist"lərə qarşı əməliyyatlar həyata keçirir. DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb, "Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyev və onun tapşırıqları əsasında fəaliyyət göstərən digər şəxslər müvafiq cinayətləri törətməkdə şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb ediliblər.

Məsuliyyətə cəlb edilən şəxslərin hamısı barəsində həbs-qətimkan tədbiri seçilib.

AzNews.az xəbər verir ki, Habil Vəliyev mərhum sənətkar, Xalq artisti İlhamə Quliyevanın vəkili idi.

AzNews.az