Vəsatətlər təmin edilmədi - “Nardaran işi”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


APA-nın xəbərinə görə, prosesdə hakim Əlövsət Abbasov bildirib ki, ötən iclasda təqsirləndirilən şəxslər vəkillərindən imtina ilə bağlı ərizə veriblər.

Hakim həmin imtinanın əsaslandırılmadığı üçün qəbul edilmədiyini deyib.

Daha sonra iclasda vəkil Yalçın İmanov daxili işlər naziri Ramil Usubov, Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasının həkimi Fikrət Zeynalov və DİN Hospitalının rəisi Ramiz Əkbərovun məhkəməyə çağırılmaları, R. Usubovla bağlı vəsatət təmin olunmayacağı təqdirdə onun hadisələrdən sonra verdiyi müsahibənin sənədlər siyahısına əlavə edilməsi və tədqiq edilməsi haqqında vəsatətlər verib.

Vəsatətlərə münasibət bildirən dövlət ittihamçısı onların təmin edilməsinə əsas olmadığını deyib. Müşavirədən sonra hakim qərarı açıqlayıb, vəsatətlər təmin edilməyib.

Məhkəmə heyəti zamanda ötən iclaslarda vəkillər tərəfindən verilən və baxılmamış saxlanılan vəsatətlərə də münasibət bildirib.

Məhkəmə qərarına görə, Abbas Hüseynovun işgəncəyə məruz qalmasını gördüyü iddia edilən "Beynəlaxalq Bank"ın İdarə Heyətinin həbsdə olan sədri Cahangir Hacıyevin, hal şahidlərinin, Zakir Mustafayevin işgəncəyə məruz qalması faktı ilə bağlı 14-cü Polis Bölməsi rəisinin, əməliyyata rəhbərlik edən Kərim Əlimərdanovun dindirilməsi barədə vəsatətlər də təmin edilməyib.

Təqsirləndirilən Rasim Cəbrayılovun vəkili Zibeydə Sadıqovanın əməliyyatçı İbrahim Kazımovun yenidən dindirilməsi haqqında vəsatəti isə təmin edilib.

Təqsirləndirilən şəxslərdən Taleh Bağırov və Fuad Qəhrəmanlı vəsatətlərin təmin edilməməsinə etiraz ediblər. Onlar hal şahidlərinin dindirilməsinin vacib olduğunu deyiblər.

Proses günün ikinci yarsında davam edəcək.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.


AzNews.az