Azərbaycanlı milyonçuya Türkiyədə cinayət işi açıldı-EKSKLÜZİV

Rza Zərrabın məxfi «qızıl əməliyyatı»



O, Bakıdakı hansı bank vasitəsilə "çirkli pulların yuyulması"nı həyata keçirir?


AzNews.az xəbər portalına məşhur türk müğənnisi Ebru Gündəşin Azərbaycan əsilli həyat yoldaşı Rza Zərrabın şübhəli biznes əlaqələri ilə bağlı sensasion informasiyalar daxil olub. Həmin məlumatda bildirilir ki, bu ilin yanvarın ilk həftəsində İstanbul aeroportunda Rza Zərraba məxsus olan 30 milyon dollarlıq qızıl saxlanılıb.

Türkiyə mətbuatı bununla bağlı iddia edir ki, 320 külçədən ibarət olan 27 kiloqram qızılın qaçaqmalçılıq yolu ilə Türkiyədən çıxarılmasına cəhd göstərilib. Lakin sonradan qızılların qanuni sənədlərinin olduğu aşkarlansa da Rza Zərrab aeroporta çağırılıb və araşdırma başa çatandan sonra qızıl külçələri sahibinə qaytarılıb.

Lakin bu olayın üstündən bir qədər keçdikdən sonra Rza Zərrabın qızıl külçələrini aparan 12 əməkdaşı bu dəfə Dubaya uçan sərnişin təyyarəsinə buraxılmayıb. Buna səbəb kimi onların yük çantalarının çəkisinin maksimum həddi aşdığı göstərilib. Rza Zərrab bu sitiuasiyadan da çıxış yolu tapıb, belə ki, qızıl aparan işçilərinin sayının artıraraq 20-yə çatdırıb və onları başqa bir təyyarə ilə Dubaya yola salıb. Amma problem bununla da yoluna qoyulmayıb.

Belə ki, AzNews.az-ın İstanbul polisindən əldə etdiyi məlumata görə, Atatürk adına Hava Limanında xaricə daşınan bu qızılların qeyri-qanuni yollarla əldə edilməsi və qanunsuz olaraq ölkədən çıxarılması aşkarlanıb. Bunun ardınca isə sözügedən məsələylə bağlı cinayət işi açılıb, qızıllar isə müsadirə edilib. Əldə etdiyimiz informasiyaya görə yaxın günlərdə baş vermiş insidentlə bağlı məhkəmə prosesinə start veriləcək.

Məlumat üçün bildirək ki, bundan bir müddət əvvəl isə R.Zərraba məxsus külli miqdarda daha bir qızıl partiyası İrana aparılmaq istəyərkən Moskvada saxlanılıb. Bu fakt isə R.Zərrabla bağlı daha maraqlı məqamları ortaya çıxarır...

Rza Zərrabın ticari evliliyi

Əsasən Ebru Gündəşlə başlayan sevgi macərası və Azəri qızı Günellə uzun bərabərliyin ardından qalmaqallı ayrılıq xəbərləri ilə gündəmə gələn Rza Zərrabın evliliyinin əslində "iş məqsədi" daşıdığı bildirilir. Bəzi mənbələr R.Zərrab da daxil olmaqla ailəsinin qızıl və qiymətli daşların alveri ilə məşğul olduğu, həmçinin çirkli pulların yuyulmasındakı iştirakından danışır. Xüsusən də İrana qarşı sanksiyaların gündəmə gəldiyi bir zamanda Güney Azərbaycan əsilli Zərrab ailəsinin imkanlarından İran tərəfinin istifadə etdiyi vurğulanır.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə aralarında R.Zərrabın sürücüsü Turğut Həppaninin də olduğu 14 nəfər saxlanılıb. Bu o zaman baş verdi ki, R.Həppani hündürlüyü bir neçə metrə çatan dollar bağlamaları ilə çəkdirdiyi şəklini sosial şəbəkədə yerləşdirdi və bununla da diqqətləri üzərinə çəkdi. Nəticədə Türkiyədən Rusiyaya, oradan da İrana 150 milyon dollar daşınması istiqamətində araşdırmalar başladı. Həppani göz altına alındı və bir müddət sonra sərbəst buraxıldı. Yaddaşlarda isə onun sosial şəbəkədə paylaşdığı 2 metr hündürlüyündə dollar bağlamaları qaldı. Bu məsələ ilə bağlı saxlananlar arasında R.Zərrabın xalası oğlu Behruz Ağazadə də vardı. Şəklin isə Zarrab ailəsinin Kapalıçarşıdakı valyutadəyişmə məntəqəsində çəkildiyi bildirilirdi. Bu barədə məlumat yayıldıqdan sonra mətbuat nümayəndələri R.Zərraba məxsus olan valyutadəyişmə məntəqəsinə getsə də, qapılar bağlı idi.

Moskva əməliyyatında azərbaycanlı izi

Bu hadisə son illərin ən böyük "çirkli pulların yuyulması əməliyyatı" ilə əlaqələndirildi. Bəhs edilən əməliyyatda isə Rusiyanın Vnukovo hava limanına gedən, 3-ü azərbaycanlı, biri isə İrandan olduğu bildirilən 4 nəfərin adı hallanırdı. Rusiyanın Federal Gömrük İdarəsi bu işdə adı keçən 14 nəfərlə bağlı məlumat hazırladı və Türkiyə tərəfindən bununla bağlı araşdırma aparılmasını istədi. Araşdırmalar göstərdi ki, həmin şəxslər 37 səfərdə 40 milyon dollar və 10 milyon avronu Türkiyədən Rusiyaya aparıblar. Bu işdə adı çəkilənlər arasında Azərbaycandan olan Nizami A. Surxay H və Bədəlov V- nin olduğu, onların pulu əvvəlcə Dubaydan Türkiyəyə, oradan isə Rusiyaya apardığı bildirilirdi. Bu hadisənin də Dubay və Türkiyədəki investisiyaları ilə vaxtaşırı gündəmə gələn Zərrab ailəsi ilə bağlılığı təxmin olunurdu.

Rza Zərrab Bakıda doğulub?

Türkiyə mətbuatı bəzən R.Zərrabın 1984-cü ildə Bakıda dünyaya gəldiyini bildirir. Ancaq onun Güney Azərbaycanın Təbriz şəhərində doğulduğu, ailəsinin isə Türkiyə vətəndaşlığını qəbul etdiyi faktdfr. Zərrab ailəsi dəniz daşımaçılığı, zərgərlik, neft ticarəti ilə məşğul olur. R.Zərrab mütəmadi olaraq Ə.Gündəşə bahalı hədiyyələrlə də gündəmə gəlib ki, bunların da arasında Qanlıcada 26 milyon dollar dəyərində iki villa, 3 milyon dəyərində bir ofis, idman avtomobili, 1 milyon 850 min lirəlik (təqribən 1,4 milyon manatlıq) bağ evi, Dubaydakı mülkü xatırlatmaq olar. Türkiyə mətbuatı yazır ki, R.Zərrab Bakıdakı işləri ilə yanaşı Kapalıçarşıdakı zərgərlik məmulatları mağazalarına da sahibdir.

Maraqlıdır ki, mətbuat onun Türkiyə pasportu ilə yanaşı Azərbaycan pasportu daşıdığını da iddia edir. Onun malik olduğu sərvətin əsl sahibi isə atasıdır. Bəzi mənbələr R.Zərrabın bu var-dövlətdən atası ilə aralarında bağladıqları müqaviləyə əsasən istifadə etdiyini vurğulayır.

Zərrab ailəsindən İrana qızıl xidməti

R.Zərrabin qızıl daşımaçılığında adı ilk dəfə 2 il əvvəl açıq şəkildə hallandırılmağa başlayıb. Bu müddət ərzində R.Zərrabın dəfələrlə Türkiyədən xarici ölkələrə qızıl çıxartdığı barədə xəbərlər var. Bu elə bir zaman idi ki, İrana qarşı sanksiyaların tətbiqinə başlanmışdı və sanksiyanı pozan ölkələrə qarşı tədbirlər vəd edilmişdi. Məhz belə bir dövrdə İran qızıl ehtiyatlarını artırdığı və daha çox Türkiyədən qızıl aldığını rəsmən elan etdi. Bildirildi ki, 2011-ci illə müqayisədə 2012-ci ilin birinci yarısında Türkiyədən İrana qızıl aparılması 40 dəfə artıb və Türkiyə Statistika İnstitutu da məlumatı təsdiqləyib. İnstitutun açıqlamasına görə, 2011-ci ildə qızıl ixracı 411 milyon dollar təşkil etmişdisə, 2012-ci ilin yanvar-iyun aylarında bu rəqəm artaraq 2 milyard dollara çatıb. Türkiyədə fəaliyyət göstərən iranlı iş adamlarının böyük miqdarda qızıl alaraq ölkələrinə apardıqları, bu qızıllar ayrı-ayrı şəxslərlə yanaşı, İran Mərkəzi Bankına satdıqları da yayılan məlumatlar arasında idi. Bu əməliyyatlarda isə Zərrab ailəsinin xüsusi çəki var.

Ata azərbaycanlı gəlin istəyib

Bu arada R.Zərrabin ailəsinin, xüsusən də atasının ilk başlarda Ə.Gündəşlə evliliyinə qarşı çıxdığı da vurğulanır. Atası Rzanın Günellə evlənməsini istəyirdi və buna görə də oğlunun Ə.Gündəşə hədiyyə etdiyi 170 min dollarlıq təkqaşlı brilyant üzüyü geri almasını tələb etmişdi. Həmin dövr mətbuatı yazırdı ki, üzüyün pulu R.Zərrabın Azərbaycanda dənizçilik biznesi ilə məşğul olan atasının şirkətinin bank hesabından ödənilib. Bu isə atanı əsəbiləşdirib. Atasının təkidi ilə üzüyü geri alan R.Zərrabla Ə.Gündəşin məhz bu üzdən az qala ayrıldıqları da mətbuatın gündəmində idi. Mətbuat Gündəşdən 10 yaş kiçik olan R.Zərrabın atasının Bakıda iri neft biznesinin olduğundan yazırdı. Ancaq ailənin digər üzvləri barədə geniş məlumat verilmirdi.

Rza Zərrabın dayısının Bakıda bankı var

AzNews.az-ın əldə etdiyi məlumata görə isə R.Zərrabın atası ilə yanaşı digər yaxın qohumlarının da Azərbaycanda böyük biznes şəbəkəsi var. Bu sırada ilk olaraq Oromi qardaşlarının adı çəkilir. Əslən Cənubi Azərbaycandan olan Oromi qardaşlarına məxsus "NAB" şirkəti "Bank of Baku"nun səhmdarlarından biridir. Bununla yanaşı, onlar Azərbaycanda "Hyundai" avtomobillərinin satışını təşkil edirlər. Cənubi Azərbaycanlı olsalar da, Türkiyə vətəndaşlığını qəbul edən Oromi qardaşları ilə bağlı sensasiyalı məlumatlar da yayılıb. Bir müddət əvvəl isə onların Azərbaycandakı biznesinin məhdudlaşdırıldığı vurğulanırdı ki, buna da səbəb onların ABŞ hökumətinin "qara siyahısına" düşməsi olub.

Belə ki, "WikiLeaks" sənədlərində qardaşlar İran məxfi orqanlarına xidmət etməkdə günahlandırılır və onların "Bank of Baku"dan çirkli pulların yuyulması üçün istifadə etdiyi bildirilirdi. "WikiLeaks" iddia edirdi ki, Amerikanın Azərbaycandakı o zamankı səfiri xanım Eni Dörsi ABŞ Dövlət Departamentinə ünvanlanan məxfi qrifli hesabatında bunları yazlb: "Oromi qardaşları hələ də İran xəfiyyəsi ilə əlaqədədir və hər ay İrandan ötürülən 5 milyon ABŞ dolları həcmində vəsait bu şəbəkə vasitəsilə təmizə çıxarılır".

Sənəddə Oromi qardaşlarının Türkiyə vətəndaşlığı almış cənubi azərbaycanlılar - Cəmşid Mahmudoğlu qardaşları ilə ortaqlıqlarının olduğu da iddia olunub: "Bu qardaşlar əslən Təbrizdəndirlər, vaxtilə qızıl və valyuta alveri ilə məşğul olublar. İran İnqilabından sonra bizneslərini itiriblər. Ailə Türkiyəyə qaçıb, türk pasportu alıblar. Onlar Azərbaycanda Oromi qardaşları ilə birgə biznes qurublar, Dubayda "Silsilə General Trading" şirkətini yaradıblar. Azərbaycanda "Baku Electronics" şirkətini və "Bank of Baku"nu təsis ediblər. Şahram Oromi İran inqilabından sonra türk vətəndaşlığı almış İran azərbaycanlısıdır. "Bank of Baku"nun yaradılmasına Oromilərin dəstək verdiyi bildirilir".

Qeyd edək ki, Oromi qardaşlarının R.Zərrabın dayısı olduğu deyilir.

Orxan
AzNews.az