İş adamını qətlə yetirən deputatlığa keçmiş namizəd özünü təqsirli bilmir

Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirli bilinən deputatlığa keçmiş namizəd Nadir Orucovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə Nadir Orucov ifadəsini yazılı şəkildə məhkəməyə təqdim edib. O, ifadəsində qeyd edib ki, özünü təqsirli bilmir. N. Orucov bildirib ki, Rövşən Rüstəmov onun üstünə silah çəkib və söyüş söyüb. Bunun üçün də onların arasında mübahisə baş verib.

Proses fevralın 19-da davam etdiriləcək.

Qeyd edək ki, 2011-ci il iyunun 8-də Nəsimi rayonu Hüseyn Seyidzadə, 2A ünvanında deputatlığa keçmiş namizəd Nadir Orucov münaqişə zəminində tanışı Rövşən Rüstəmovu güllələyib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I seçki dairələrindən deputatlığa namizəd olub.

AzNews.az