- Siyasi müzakirə
- 14:30
- 1 572
"İsrail və İran arasında gərginlik bitməyib" -AÇIQLAMA

“Hesab edirəm ki, İsrail və İran arasındakı mövcud vəziyyətlə bağlı əldə olunan atəşkəsi bəziləri sülh adlandırsalar da, bu, əslində müvəqqəti xarakter daşıyır və daşıyacaq. Çünki tərəflərin qarşıya qoyduğu əsas məqsədlərə tam şəkildə nail olunduğunu demək mümkün deyil. İsrailin həyata keçirdiyi əməliyyatlar nəticəsində İranın general və nüvə alimlərinə, eləcə də strateji hərbi obyektlərinə ciddi zərbələr vurulduğu görünür. Lakin bu, bütövlükdə İsrailin məqsədlərinə çatdığı anlamına gəlmir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Xatırladaq ki, Yaxın Şərqdə uzun illərdir davam edən ən ciddi qarşıdurmalardan biri İran və İsrail arasındakı gərginlikdir. Son 12 günlük müharibə bu münasibətləri daha da kəskinləşdirib. Qarşılıqlı raket hücumları, hədəf alınan generallar və nüvə obyektlərinə zərbələr regionda genişmiqyaslı müharibə riskini bir daha gündəmə gətirib.
Siyasi şərhçi qeyd edib ki, İran da İsrailə qarşı dron və raket zərbələri endirdiyini açıqlasa da, bu hücumlar istənilən nəticəni verməyib.
“Bu vəziyyət onu deməyə əsas verir ki, tərəflər arasında yeni bir müharibənin başlama ehtimalı olduqca yüksəkdir. Mövcud gərginlik risklidir və hər an yenidən alovlana bilər. Əldə olunmuş atəşkəsin arxasında hər hansı bir hüquqi əsas, yəni beynəlxalq təşkilatların və ya böyük dövlətlərin iştirakı ilə imzalanmış rəsmi sülh sazişi mövcud deyil. Bu da situasiyanı daha da qeyri-sabit edir. Bu səbəbdən hesab edirəm ki, başda ABŞ olmaqla böyük dövlətlər bu məsələyə daha həssas və obyektiv yanaşmalı, tərəflər arasında gərginliyi azaltmaq və hücumların qarşısını almaq üçün konkret və effektiv diplomatik addımlar atmalıdırlar”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az