Azərbaycanlı “qanuni oğru”ların vəkili öldürüldü

O, Moskvada “Leroy Merlin” mağazasının dayanacağında öldürülüb



Dünən Rusiya paytaxtı Moskvada "Leroy Merlin" mağazasının dayanacağında vəkillik fəaliyyəti ilə məşğul olduğu bildirilən şəxs öldürülüb. Başından və bədənindən güllə yarası alan şəxsin üzərindən Moskva Vəkillər Kollegiyasına dair sənəd tapılması onun vəkil olması barədə ilkin qənaətin yaranmasına səbəb olub.

Rusiya mətbuatının yazdığına görə, paytaxtın Myakinino rayonunda öldürülən şəxs xüsusən 90-cı illərdə aralarında azərbaycanlıların da olduğu bir çox kriminal avtoritetin müdafiəsi ilə məşğul olub.

Vəkilin "məşhurların müdafiəçisi olduğu", bəzi problemləri həll etdiyi bildirilir. Mətbuatın qeyri-rəsmi mənbələrə əsasən yazdığına görə, öldürülən şəxs Sergey İosoviç Kuznesovdur. "Butirskaya" vəkillik bürosunda çalışan vəkilin 50 yaşı olub. Ancaq büro Kuznesov barədə mətbuatın heç bir sualını cavablandırmayıb.

Hadisənin törədildiyi dayanacaqda müşahidə kameraları var. İstintaq qətlin necə baş verməsini və kim tərəfindən törədildiyini məhz həmin kadrlara əsasən müəyyən etmək ümidindədir.


Elnarə Əlosmanqızı
AzNews.az