İstanbulda güllələnən azərbaycanlı “qanuni oğru“ ilə bağlı təfərrüat- Video

İstanbulda 40 yaşlı azərbaycanlı "qanuni oğru" Əlibala Həmidov güllələnib.

AzNews.az Rusiyanın məşhur "Прайм Крайм" agentliyinə istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Qoca Bakinski kimi tanınan "qanuni oğru"nun Ded Xasanın klanı və Rövşən Lənkəranskinin tərəfdarları arasındakı mübarizənin qurbanı olduğu bildirilir.

Məlumata görə, 3 güllə yarası olan Əlibala Həmidov yerindəcə keçinib. Ancaq hələlik hüquq-mühafizə orqanları məsələ ilə bağlı açıqlama verməyib.

Agentliyin xəbərinə görə, bir neçə gün əvvəl İstanbulda Ded Xasan tərafdarları "sxodka" keçirərək bir neçə nəfəri "taclandırması" R.Lənkəransi tərəfdarlarını qəzəbləndirib.

"Taclandırılanlar" arasında hazırda Bakıda 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Lotu Quli ləqəbli Nadir Səlifovun qardaşı Namiq Səlifov da olub. Bu "sxodka"dan sonra R.Lənkəranski özü də daxil olmaqla bir qrup "sxodka"nı keçirən Ded Xasan tərəfdarları ilə əlbəyaxa olub.

Hadisədən bir gün sonra isə R.Lənkəranskinin tərəfdarı kimi tanınan Əlibala Həmidov güllələnib. Əvvəllər Ded Xasan tərəfdarı kimi tanınan Əlibala Həmidov o öldürüldükdən sonra Rövşən Lənkəranskinin tərəfinə keçib. Sonuncu dəfə o, bu ilin iyununda Vaja Biqanişvilin təşəbbüsü ilə keçirilən "sxodka"da iştirak edib.

Bundan sonra isə İstanbulda R.Lənkəranski və Ded Xasan klanı arasında
münasibətlərin gərginləşməsi fonunda ilk qurban kimi seçilib.



Elnur
AzNews.az