Mafiya biznesmenlərdən Yeni il “vergisi” yığır

İtaliya mafiyası biznesmenlərdən Yeni il "vergisi" yığır. Bu pullar həbsxanada cəza çəkən mafiozlar üçün hədiyyə alınmasına sərf ediləcək.

AzNews.az Agence France-Presse-ə istinadən xəbər verir ki, bununla bağlı polis artıq 4 nəfəri saxlayıb. Onlar Neapolun mərkəzindəki mağazalardan pul toplamağa çalışıblar. İstintaqın məlumatına görə, mafiya nümayəndələri mağaza sahiblərini onlardan mütəşəkkil cinayətkarlığın əlaməti hesab edilən gülləri almağa vadar edib.

İtaliyada "puansetti" adlandırılan bu güllər əvvəllər Yeni ilin ənənəvi hədiyyəsi hesab edilirdi. Ancaq tədricən bu ənənə dəyişib. İndi İtaliyada bu güllər həm də cinayətkarlığın əlaməti hesab olunur. Mafiya təmsilçiləri mağaza sahiblərinə həmin güllərin bir ədədini 100 avroya satmağa çalışıb. Halbuki adi gül mağazalarında bu güllərin ədədi 4 avroya satılır. Bu tələbi yerinə yetirməyən mağaza sahiblərinə biznesdə problemlərlə qarşılaşacaqları "vəd edilib".

Elnarə
AzNews.az