Dükandan dəftər - qələm oğurluğu - 4600 manatlıq - VİDEO

Paytaxtın Yasamal rayonu Şıxalı Qurbanov küçəsində yerləşən Aydın Beyoşova məxsus kitab-dəftər ləvazimatları satılan mağazadan oğurluq edilib.

Dəyəri 4600 manat olan qələm və dəri çantalar yoxa çıxıb. Lakin çox keçməyib ki, oğurluq edən şəxs elə yenidən bu əməli törədərkən mağaza işçiləri tərəfindən ifşa olunub. Obyekt sahibinin sözlərinə görə oğurluq edən şəxs Nicat Mıkayılov bir neçə il əvvəl bu mağazada satıcı işləyib, sonralar bura keçmiş iş yoldaşları ilə görüşə gəlirmiş. O, mağazadan nə az, nə çox, hər birinin qiyməti 500-600 manat arasında dəyişən 15 qələm oğurlayıb. Bununla kifayətlənməyən Nicat Mikayılov dəftərxanadan dəri çantalar da götürüb.

Yasamal rayon Polis İdarəsinin 27-ci bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Nicat Mikayılov saxlanılıb. Bölmədən bildirdilər ki, saxlanılan Nicat Mikayılov həmin mağazanın Səbail filialında da oğurluq edib.

Hadisə ilə bağlı saxlanılan şəxs ətrafında əməliyyat-istintaq hərəkətləri davam etdirilir. Yasamal rayon Polis İdarəsindən isə verilən məlumata görə, araşdırmaların sonunda Nicatın başqa cinayətləri üzə çıxmasa o, etdiyi son oğurluğa görə canını cərimə ödəməklə də qurtara bilər.


AzNews.az