- Siyasi müzakirə
- 15:41
- 1 347
Azərbaycan heç vaxt kiməsə acıq verməyib - SAHİB ALIYEV
Bəziləri unudurlar ki, o zaman "kollektiv" adlandırılan, elə də təsir bağışlayan, indiki kimi aralarında dərin ziddiyyət olmayan güclər Rusiya və İrana qarşı çeşidli planlarda yer almaq üçün Azərbaycana təzyiq edəndə, qlobal mediadan üzərimizə çirkab yağdıranda cənab İlham Əliyev buna getmədi. Niyə getmədi? Çünki bu, milli maraqlarımıza qətiyyən cavab vermirdi. Biz, onların necə yanaşmasından asılı olmayaraq, həmişə iki böyük qonşumizla da digərləri kimi qarşıdurmada yox, qarşılıqlı faydaya dayanan əməkdaşlıqda maraqlı olmuşuq. İndi də belədir.
Bu barədə AzNews.az-a deputat Sahib Alıyev açıqlama verib. O, deyib:
"Dost Ukrayna ilə qüvvədə olan strateji tərəfdaşlıq çərçivəsindəki əməkdaşlığa və cənab Zelenskinin bu əməkdaşlığın daha da dərinləşməsinə təkan verəcək səfərinə gəldikdə, bu da sırf ikitərəfli format və milli maraqlarımız çərçivəsində baş verən bir məsələdir.
Və inanmıram ki, bu səfərdə, özəlliklə də müdafiə sənayesi sahəsində əldə olunan razılaşmalar, Ermənistana növbəti "mülki" missiyalarını göndərməyi planlaşdıranların tam ürəyindəndir. Sadəcə səslərini çıxarmırlar. Bundan narazılıqlarını gizlətməyənlərə gəldikdə isə, bir daha vurğulayıram ki, biz heç vaxt kiməsə acıq verməyə, yaxud da ötkəm təsir bağışlamağa çalışmamışıq. Sadəcə öz milli maraqlarımıza uyğun siyasət yeritmişik. Bu gün isə milli maraqlarımız tələb edir ki, ətrafımızda nələr baş verdiyini, regiondakı sülhün necə hədəfə alındığını görüb seyrçi qalmayaq, qabaqlayıcı addımlar ataq.
Sonda onu da qeyd edim ki, bu gün Azərbaycanın təkcə özünün deyil, onun ölkəsinin də təhlükəsizliyinin təminatçısı olduğunu bildirən Ermənistan parlamentinin spikeri tam haqlıdır. Və biz nə qədər güclü olacağıqsa, bir sıra dövlətlərin, bəli, məhz bir sıra dövlətlərin Ermənistanı revanşizmə sürükləmək planı o qədər işləməyəcək. Bu isə regionda sülh və qonşu ölkənin nə ilə bitəcəyi özlərinə də yaxşı bəlli olan fəlakətlə üzləşməməsi deməkdir".
AzNews.az