Şahin Sultanova görə daha bir polkovnik tutuldu - Eksklüziv

Məlum olduğu kimi Səfər Əbiyevin müdafiə naziri vəzifəsindən çıxarılmasından sonra silahlı

qüvvələrdə aparılan yoxlamalar zamanı bir sıra cinayət tərkibli hallar aşkarlanıb. İttiham olunaraq, həbs olunanlar arasında Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovla yanaşı, S. Əbiyevə yaxınlığı ilə tanınan bir sıra yüksək rütbəli zabitlər də var. Bu şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlət əmlakını mənimsəməkdə ittiham olunurlar.

AzNews.az-ın məlumatına görə, bir neçə gün əvvəl Bakının Bayıl qəsəbəsi ərazisində yerləşən Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) "N" saylı hərbi hissəsinin bazasında fəaliyyət göstərən Gəmi Təmiri Zavodunun direktoru, II dərəcəli kapitan (polkovnik-leytenant) Əsəd Muradxanov da istintaqa cəlb olunub.

Ə. Muradxanovun saxlanılmasının HDQ sabiq komandanı Şahin Sultanovla bağlı olduğu da deyilir.

AzNews.az xatırladır ki, Zakir Həsənov müdafiə naziri postuna təyin olunduqdan sonra Hərbi Dəniz Qüvvələrində aparılan yoxlamalar zamanı qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin qurumun sabiq komandanı Şahin Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinərək, saxlanılıb. Buna qədər isə HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, "kod 555" adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev və hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov və Hidroqrafiya bölməsinin rəisi 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev həbs olunub. Hərbi birləşmənin Mənzil İstismar Sahəsinin rəisi, Elxan Hacıyevin oğlu Rövzat Hacıyev isə işdən çıxarılaraq, istintaqa cəlb edilib. HDQ-nin Yanacaq Xidmətinin rəisi, polkovnik-leytenant Kazım Əsgərov və HDQ-nin yanacaqdoldurma məntəqəsinin rəisi, baş miçman Kamandar Paşayev də saxlanılıb. Bu hərbçilər də vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunur.


Məhəmməd
AzNews.az