Ukraynada məmurun güllələnməsi ilə bağlı ilginc fakt - Adlar açıqlandı

KİYEVDƏ MƏMURU GÜLLƏLƏYƏN SOYDAŞLARIMIZIN ADLARI BƏLLİ OLUB



Ukraynada Ədliyyə Nazirliyinin əməkdaşını güllələməkdə şübhəli bilinən və hüquq-mühafizə orqanları tərəfindən saxlanılan üç şəxsdən ikisinin kimliyi bəlli olub.

AzNews.az xəbər verir ki, onlar 1966-cı il təvəllüdlü Əliyev İqor Gəncəliyeviç, 1986-cı il təvəllüdlü Ağayev Davud Şahəddin oğludur.

Tutulan 3 nəfərdən ikisi Ukrayna, biri isə Azərbaycan vətəndaşıdır. Onlara qarşı qanunsuz silah saxlama və sui-qəsd etmə maddələri ilə cinayət işi açılıb.
Ukrayna hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, cinayətkar qrupa yaxınlığı ilə seçilən bu şəxslər böyük biznes maqnatlarından birinin adamı olub.

Güman edilir ki, bu cinayət də məhz həmin şəxsin sifarişi ilə həyata keçirilib.

Tutulanlarla əlbir olan digər şəxslərin də yaxın vaxtlarda həbsi gözlənilir.

Qeyd edək ki, ötən günlərdə üç nəfər şəxs Ədliyyə Nazirliyinin əməkdaşını "Fellini" restoranından çıxarkən təqib edib və onun maşınını atəşə tutublar. Sui-qəsddən sonra cinayətkarlar hadisə yerindən qaçıb gizlənməyə çalışsalar da sonradan yaxalanıblar. Onların avtomobilinə baxış zamanı 4 tapança və avtomat tapılıb. Cinayətkarların nazirlik əməkdaşına avtomatdan atəş açdığı bildirilir. Onların yaxalanması əməliyyatında "Alfa" xüsusi təyinatlı dəstəsinin döyüşçüləri iştirak edib.