Ukraynada məmuru güllələyən azərbaycanlıların məhkəməsi oldu – Qərar

Kiyevdə Ukrayna Ədliyyə Nazirliyinin əməkdaşını güllələyən həmyerlilərimizin məhkəməsi keçirilib.

AzNews.az-ın Ukrayna hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ikisi Ukrayna, biri isə Azərbaycan vətəndaşı olan şəxslər barədə istintaq müddəti bitənə qədər ilkin olaraq 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Qanunsuz silah saxlama və sui-qəsd etmə maddələri ilə ittiham olunan şəxslərin vəkillərinin iddiaları isə rədd edilib. Vəkil cinayət sübuta yetirilənə və istintaq müddəti bitənə kimi ittiham olunanların ölkədən çıxmamaq şərti ilə zadlıqda qalmasını tələb edib. Lakin məhkəmə tələbi rədd edib. Hakim əllərində yetərincə sübut və faktlar olduğunu, hadisə şahidlərinin də ifadələrini nəzərə alaraq belə qərar çıxardıqlarını deyib.

Onların əvvəllər də hansısa cinayət əməlləri törətdikləri güman edilir.

Qeyd edək ki, ötən günlərdə üç nəfər şəxs Ədliyyə Nazirliyinin əməkdaşını "Fellini" restoranından çıxarkən təqib edib və onun maşınını atəşə tutublar. Sui-qəsddən sonra cinayətkarlar hadisə yerindən qaçıb gizlənməyə çalışsalar da sonradan yaxalanıblar. Onların avtomobilinə baxış zamanı 4 tapança və avtomat tapılıb. Cinayətkarların nazirlik əməkdaşına avtomatdan atəş açdığı bildirilir.

Onu da bildirək ki, hadisədə şübhəli bilinənlərdən ikisinin adı artıq bəllidir. Onlar 1966-cı il təvəllüdlü Əliyev İqor Gəncəliyeviç, 1986-cı il təvəllüdlü Ağayev Davud Şahəddin oğludur. Hər ikisinin azərbaycanlı olduğu bildirilir. Hadisənin böyük biznes maqnatlarından birinin sifarişi ilə baş verdiyi güman edilir.

Nigar