Maskalı şəxslər 86 yaşlı qadını döyərək öldürdü - Zaqatalada

Zaqatalada yaşayış evinə basqın olub.

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 86 yaşlı Xanpəri Cahangir qızı Səfərovanın evinə girən maskalı şəxslər onu və həyat yoldaşını hədələyərək pul tələb ediblər. İstədikləri pulu ala bilməyən maskalılar qadını döyərək öldürüb, ərinə isə xəsarət yetirərək hadisə yerini tərk ediblər.

Hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsinə gecə saatlarında məlumat daxil olub, hadisə yerinə əməliyyat qrupu çıxıb.

Hazırda polis və prokurorluq əməkdaşları hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.