“Versace” moda evi satıla bilər - 2 milyard dollara

“Versace” moda evinin yeni sahibi ola bilər. Kompaniya yaxın saatlarda satıla bilər.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, burada söhbət məbləği 2 milyard dollar olan sövdələşmədən gedir. Potensial alıcıların arasında bir il öncə Britaniyanın “Jimmy Choo” ayaqqabı istehsalçısını 896 milyon funt sterlinqə (1,2 milyard dollar) satın alan “Michael Kors” kompaniyası var. Bununla yanaşı, moda evinə “Tiffany” firması da sahib ola bilər.

İndiyədək İtaliyanın “Valentino”, “Bulgari”, “Ferre”, “Fendi” və “Gucci” kimi bir çox markası xarici şirkətlər tərəfindən alınıb.

Qeyd edək ki, 1978-ci ildə “Versace” moda evinin əsasını qoyan italiyalı modelyer və dizayner Canni Versaçe 1997-ci ildə evinin qarşısında öldürülüb. Sonradan onun işini kiçik bacısı Donatella Versaçe davam etdirib.

AzNews.az