Təhsil işçiləri üçün yenilik

Təhsil işçilərinin www.e-gov.az portalında qeydiyyatı sadələşdiriləcək. Bu barədə AzNews.az-a Məlumat Hesablama Mərkəzinin rəhbəri Nail Mərdanov məlumat verib. Onun sözlərinə görə, bu addımı atmaq üçün onlara ideya təhsil işçilərindən gəlib: "İstifadəçilərimizdən birinin portalın facebook səhifəsində verdiyi bir sual işimizin təşkilində, istifadəçi auditoriyasının genişləndirilməsində, qeydiyyatdan keçmə prosedurlarını sadələşdirilməsində mənə daha bir ipucu vermiş oldu".

N.Mərdanov bildirib ki, qaldırılmış məsələnin aktuallığını və vacibliyini nəzərə alaraq bu barədə artıq araşdırmalara başlanıb: "Düşünürəm ki, yaxın günlərdə müəllimlərin daha sadələşdirilmiş formada qeydiyyatdan keçməsi məsələsi həllini tapacaq. Çünki Elektron Hökumət portalında Təhsil Nazirliyi tərəfindən "Müəllimlər haqqında məlumatlar" xidməti təqdim olunmaqdadır. Qeydiyyat sistemini bu xidmətlə əlaqələndirməklə, tələb olunan sənədləri müraciət edənin müəllim olduğunu təsdiqi ilə əvəz etməyi düşünürük. Qaldırılan məsələ portalımızın əhatə dairəsinin genişlənməsinə və istifadəçi auditoriyasının genişlənməsinə gətirəcək".
N.Mərdanov gələcəkdə başqa sahələr üzrə də eyni xidməti tətbiq etmək mümkün olacağına inanır: "Bax görürsünüz resurslar var, lakin ondan lazımi istifadə üçün nə biz nə xidmət təminatçıları heç də tam olaraq istifadə təyinatını tam əhatə edə bilmirik".

Xatırladaq ki, Elektron hökumət portalında qeydiyyatdan keçmək üçün istifadəçinin şəxsiyyətini təsdiq edən bir neçə sənədinin olması vacibdir. Belə ki, vətəndaşın şəxsiyyət vəsiqəsindən başqa ümumvətəndaşlıq pasportu, sürücülük vəsiqəsi və sosial sığorta kartının olması əsas şərtdir.

Ruhiyyə
AzNews.az