“İlahi bizi mənasız işlərə vurğun yaradıb” – İranda həbs olunan şair

“Daşam, bərkimişəm, keyimişəm...”


Gənc şair Fərid Hüseynin AzNews.az-a müsahibəsi:

– Fərid, nə əcəb sən də nəsrə maraq göstərmirsən?

– Yox, mən nəsr yaza bilmədiyimi özüm də hiss edirəm. Şeir, esse və beynimdə olan bəzi araşdırmaları əncama yetirə bilərəm. Ancaq nəsr ayrı bir istedaddır və özümə də, yaradıcılığımı izləyənlər içində bir neçə metr saydığım şəxslərə də əyandır ki, nəsr mənlik deyil. Zəif əsər çap etdirmək əzmindən çəkindirməyə çalışıram özümü.

– Etirafın gözəldir, bəs nəsr yaza bilməyib, amma nəsr kitabları çıxardan dostlarımıza nə məsləhət görərdin?

– Belə bir məsəl var: "Baxmaqla öyrənmək olsaydı, itdən qəssab olardı". Yəni var nəsri duymaq, nasir olub nəsr yazmaq, bir də var, kitablara baxıb nəsr yazmaq. Bu ikinci dediyimin kimi adamlar bizdə də var və onlar yazmağa daha çox təşnədirlər. Belə adamı isə heç bir mümkün vasitə, şəxs və mühit yazmaqdan çəkindirə bilməz. Siseron əbəs yerə demirdi: "Kağız hər şeyə dözür".

– Ədəbi mühitdə qarışqa kimi zəhmətkeş bir gənc imicin var. Fərid yazır, pozur, tərcümələr eləyir, kitab çıxartdırır, hər yerə can atır, burdan batıb o tərəfdən çıxır... Bu imicdə mənfi bir çalar hiss eləmirsən ki?

– Bir nəfər, - indi həmin şəxs ölkəmizdə dəyərli elm adamı kimi tanınır, seçilir, - orta məktəbdə müəllimlərə çoxlu suallar verib təngə gətiribmiş. Sinif yoldaşları da onun əlindən bezar imişlər. Axır ona çox sual verməyi irad tutanda deyir ki, mənim bu sualları soruşmağa evdə heç kəsim yoxdu...

Mən də atasız və o qədər də imkanları ürəkaçan olmayan bir ailədə böyümüşəm, ağlım kəsəndən işləmişəm, mənim də üz tutası, nələrisə öyrənəsi, güvənəsi bir kimsəm olmayıb və bu "ekstremal şərait" özüm də hiss etmədən məni həmişə səfərbər olmağa, bir neçə adamın yerinə çalışmağa, daimi öhdəlikləri nəzərə almağa vadar və məcbur edib. Bu gün çoxları kef məclisində olanda mən hansısa arxivin, kitabxananın tozunu uda-uda nəsə araşdırıramsa, yaxud az gəzib yazıramsa, gözümün işığını gecələr kitablara tökürəmsə və bunlar - əlimin zəhməti, gözümün nuru, düşünən beynim - kimlərəsə çox görünürsə, yəqin ki, bu da nəsibimə düşən qədirbilməzlərin say sırasın genişləndirmək üçündür. Mən yalnız məndən ibarət olan adamam və bunu hər keçən gün bir az da daha çox dərk edirəm və özümü yetişdirməyə çalışıram.

– Atanı itirəndə neçə yaşın vardı?

– Səkkiz...

– Üzü yadına gəlir, yoxsa necə?

– Əlbəttə...

– Uşaq yaşlarından atasız böyümək, çətinliklə və ağır şərtlər altında yaşamaq... Belə sarsıntıların sənin yaradıcı bir insan olmağında bir payı varmı?

– Heç nə təsirsiz ötüşmür. Üzr istəyirəm, qələt söhbətdir ki, filan şey mənim vecimə deyil. Filan şey unuduldu, nə bilim nə... Ən adi şey də bir də görürsən yadına düşüb səni elə pis yandırdı ki... Müəyyən şeirlərimdə və esselərimdə o itki barədə yazmışam. Özü də əvvəllər anamla hər şeyi bölüşə bilirdim, get-gedə hiss edirəm ki, mən bu şeyləri atamla danışmalıyam. O, olmadığına görə də daha çox susuram, ən əziz, bölüşümləsi çətin məsələləri daha danışmıram... Daha hamı ilə ancaq və ancaq ortaq maraqları bölüşürəm...

– Gələcəyin haqqında nə fikirləşirsən, özünə necə bir gələcək arzulayırsan?

– Deyəcəm, bəlkə də güləcəksən mənə. Özümə heç nə arzulamıram. Elə bil bir daşam, bərkimişəm, keyimişəm, matam təmiz... Çünki elə olub ki, sonradan dərk etmişəm mənim nemət bildiyim şeylər, sən demə, mənə bəla kimi göndərilib. Fəxr elədiyim bir şey sonradan içimdə utanc sərgisi açıb. Uğurlu saydığım günlər fəal yaradıcılıqdan ayırıb məni... Nə olacaqsa xeyirli olsun, "əvvəli səadət, sonu fəlakət" olan heç nə istəmirəm...

– O qədər yaşın yoxdu, hələ gəncsən... Bu nə düşüncədi? Özümə heç nə arzulamıram. Elə bil bir daşam, bərkimişəm, keyimişəm, matam təmiz...

– Düz deyirsən, yaşıma uyuşmur... Amma mənə sual verirsən və mən sənin sualına yalan cavab vermək istəmirəm...

– Fərid, dostluq sənin üçün nədir? Bu hissi necə qavramısan?

– "Xatirə" dəftərlərinə yazdığım cavab dəyişmir... İkinci mən və sədaqət...

– Düzü, anlamadım...

– Yeni özün qədər əziz tutduğun və heç vəchlə ikinci plana keçməyən adamla arandakı sədaqətli münasibət...

– Dörd ay İran türməsində oldun. Bir şey soruşum, çıxanda heç həbsxana üçün darıxmadın ki?

– Yox, bu ağılsızlıq olardı... Həbsxana anamın, məni sevənlərin çətin, gözüyaşlı günləri deməkdi. Onları gözüyaşlı qoymaq, çıxılmaz hala salmaq üçün necə darıxmaq olar? Ancaq məni sevməyənlər yəqin o günlərçün darıxıb (gülür).

– Necə yəni, kimsə sənin həbsə düşməyinə sevinib?

– Yumor hissin zəifəyib... Deyəsən, Kəramət qocalır...

– Esselərində kədərli şeirləri tənqid edirsən, amma demək olar ki, bütün şeirlərində kədər izi var... Hətta müsahibən də başdan ayağa kədərdi.

– Kədərli sualdı... (gülür). Deməli belə, biri var dərdi uydurasan, biri var yaşayasan. Xoş olar o ki, yaşadığını yazasan. Mən qurama, senton və öz mövzusunda batan, təkrarlanan kədərə qarşıyam. Füzulinin kədərinə varislik eləmək lazım deyil, öz dərdini adam başa düşən dildə, gücənmədən, dünya ədəbiyyatını yamsılamadan özünü dünya ədəbiyyatının bir hissəsi hiss edərək yaza bilmək lazımdı.

– Tənqidçilərimizdən hansının fikrinə daha çox inanırsan?

– Həqiqəti yazanda hamısının fikrinə inanıram... Yaxud öz içimdə həqiqət hesab etdiyim nədənsə hansısa tənqidçi yazanda inanıram, təqdir edirəm, özlərinə yazıb təşəkkülmü bildirirəm, ürəyimə yaxın hesab edirəm. Bir də onu bilirəm ki, ədalətsiz adam deyiləm...

– Konkret deyə bilərsənmi Cavanşir Yusifli bir tənqidçi kimi həqiqəti yazır, yoxsa yazmır?

– Belə sualları mənə İranda tutulanda müstəntiq verirdi...

– Cavab...

– Belə suallardan yayılmağın yolu da var: Cavaba elə yerdən başlayırsan ki, gəlib mabədə çatmayasan... İstəməzdim Cavanşir müəllimin yaradıcılığı üstündə köklənək. Ancaq bir fikir var, deyirlər ki, "hamı özünü yazır..." Yeri gəlmişkən, Cavanşir müəllim bu gün haqqımda bir yazı yazıb, buna görə bir də təşəkkür edirəm...

– Fərid, bizim ədəbi nəsil yazır, yaradır. Amma mənə elə gəlir ki, ciddi mənada nəsə alındıra bilmir... Yoxsa mənə elə gəlir?

– Bizim ədəbi nəsil indi-indi ayılır, bütün gücünü səfərbər edir, yazıb-yaradır. Nazimlər şairlərə, publisistlər romançılara çevrilir. Yaşımız az idi, aldanış dövrümüz uzun çəkmişdi, mövqelər bəlli deyildi, indi dostlar yazırlar, reallığı da qəbul edib düzgün qiymətləndirirlər, qəhrəmanlıq dövrü də geridə qalıb. Guya bizdən əvvəlkilər bizim yaşda nə yazıblar ki? Poeziya barədə bu dediyim özünü tam doğruldur. Bir də gəl baxaq, bizim çoxumuz dünyanın diplomlarını tanımadığı universitetlərində oxumuşuq, hansı bilik mərkəzlərini, ciddi ədəbiyyat adamlarını görmüşük ki? Gördüyümüz də qırğın, dava, yaltaqlıq, qruplaşma, istedadlara qar şumladılması, zəhmətkeşlərə verilən məhdud imkanlar... dünya-dünya deməklə deyil ki, müəllim görmək, ciddi auditoriya görmək, özünü dünya vətəndaşı kimi hiss etmək nəsibimiz olmayıb...

Markesdən danışıb, Kafkadan dəm vurub, Selinceri təqdir edib elə idbar söhbətlər eləmiş, elə mənasız yerlərə getmiş, heç kəsə lazım olmayan işlər görmüşük ki... "Yüz ilin tənhalığı" bir nəslin yox, bir qitənin tənhalığı idi. Gör Markes təcrid mədəniyyətini necə verib... Bu əsər dünya ilə sinə-döş olmaq demək idi... Bizim ədəbiyyatımızsa pis mənada təcrid mədəniyyətinə aiddir, dünyadan təcrid olunmuşuq... Mən "Mətbuat tarixi" keçmişəm, az qala, ədəbi nəşr tariximizin mənzərəsinə tam bələdəm. İstər Sovet dövründə, istərsə də indi, bizdə elə kitablar çıxıb ki, əgər ox-kaman dövrünə qayıtsaq da, heç kəsə lazım olmayacaq. İlahi bizi mənasız işlərə vurğun yaradıb elə bil... Ciddi, iş görən, dünyanı bilən adam görən kimi də "maliyyə dietası" saxlamağa məhkum edib imkanlarını "arıqladırıq"... Bizim gələcəyimiz qabaqdadır.

– Heç 60-70 yaşını təsəvvür eləmisənmi? Bir anlıq düşün, gör özünü bu yaşda hansı şairimizə oxşada bilirsən...

– Özümü 40-50 yaşdan o tərəfə təsəvvür edə bilmirəm... Yəqin ondan az yaşayaram ki, çox yox... Nizami deyir di ki, "İnsanın mayasında dəllalıq şakəri var, yəqin elə ondandır, 40 yaşını nəqd umar..."

– Niyə belə ümidsizsən?

– 70 il yaşasaq, gərək bir-birimizin yubileyimdə çıxış edək, haqqımda yazı yazdırım, ərkimiz çatan dostlara deyim əl-ayağa düşsünlər, vur çartlasın, çal oynasın... Yox, əziyyətə salmaq istəmirəm sizi. Qəbirdəki yerin böyüklüyü isə qalır ədəbiyyata dəxili olmayan qəbirqazanın insafına. (gülür).

– Fərid, heç öz şeirini oxuyub kövrəlmisən?

– Həbsxanada olub, "Həbsxana sükutu" adlı şeir yazdım, oxuyanda ağlamaq tutdu məni. İndi də o şeirimi oxuyanda qəhərlənirəm...

Kəramət Böyükçöl