“Real Vocal String Quartet” qrupu Azərbaycanda

ABŞ-ın "Real Vocal String Quartet" musiqi qrupu Azərbaycana səfər edəcək. 18-24 noyabr tarixində baş tutacaq səfər ABŞ-ın Bakıdakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Kaliforniya ştatının San Fransisko şəhərindən olan "Real Vocal String Quartet" musiqi qrupu klassik, simli kvarteti özünəməxsus Amerika formasında canlandıran və bu gün dünyada səsli və simli musiqi ifalarının birləşməsindən ibarət olan mahnıları ifa edən yeganə kvartetdir. Qrupun hər bir üzvü oxuyur, mahnını mövzuya uyğunlaşdırır və improvizə edir. Qrupun son dərəcə geniş repertuarı caz və rok, eləcə də Qərbi Afrika musiqisi, bluqras adlı folklor mahnılarını əhatə edir.

"Real Vocal String Quartet" qrupu "Amerika Musiqisi Xaricdə" adlı proqramı çərçivəsində ilk dəfə Azərbaycanda çıxış edəcək. Azərbaycanda olduqları müddətdə qrup üzvləri Bakı şəhərində, Qusar və Xaçmaz rayonlarında səfərdə olacaq, seminarlar təşkil olunacaq, konsert proqramları ilə çıxışlar edəcəklər.

Qeyd edək ki, qrup üzvləri Azərbaycandan sonra Makedoniya, Bosniya, Latviya və Litvada da konsertlər verəcək.

Bahar Rüstəmli
AzNews.az